Ötən gün millət vəkili Fazil Mustafanın evinin önündə güllələnməsi ölkədə böyük rezonansa səbəb olub.
Məşhurlar da bu hadisəyə səssiz qalmayıb və buna münasibət bildiriblər.
Pravda.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova açıqlama verib. O, F.Mustafa olayından xəbərdar olduğunu və artıq vətəndaş olaraq qorxduğunu bildirib:
“Fazil Mustafaya sui-qəsd olunması xəbərini sosial şəbəkələrdə gördüm. Hadisədən xəbərim var. İlk başda Fazil Mustafaya şəfa diləyirəm, Allah ona şəfa versin. Əslində bu sui-qəsd çox qorxulu bir şeydir. Biz ölkə olaraq belə şeylərə öyrəşməmişik. Bizdə terror, silahlı hücum, küçələrdə silahlı atışmalar, sui-qəsdlər olmayıb. Biz Rusiyada, Amerika ştatında yaşamırıq. Biz belə şeyləri xarici mətbuatın yaydığı xəbərlərdə və yalnız filmlərdə görmüşük. Amma son zamanlar bir-birinin ardınca ölkəmizdə bu cür hadisələrlə rastlaşırıq. Bu yaxınlarda İrandakı səfirliyimizə hücum oldu, silahlı şəxslər Bakıda marketlərin birinə daxil oldular, insident baş verdi, ölən, yaralananlar oldu. Bu kimi hallar bir vətəndaş kimi təbii ki, məni də qorxudur”.