Xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.
Bu barədə Pravda.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Tədbirdə həmçinin İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, çoxsaylı millət vəkilləri, Knessetin təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Yuli Edelşteyn, İsrail Knessetində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin üzvləri, Yisrael Beytenu partiyasının sədri Aviqdor Liberman, Azərbaycan yəhudi icmasının üzvləri, İsrailin ictimai-siyasi xadimləri, Knessetin sabiq spikeri Dalia İtzik, Qüds merinin müavini və s. rəsmi şəxslər iştirak edib.
Açılış mərasimində çıxış edən nazir Ceyhun Bayramov, Səfirliyin açılmasının Azərbaycan və İsrail arasında mövcud olan strateji münasibətləri daha da dərinləşdirəcəyini qeyd edərək, həmçinin, İsraildə Azərbaycan icmasının iki ölkə arasında münasibətlərdə vacib rolunu vurğulayıb.