Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.
Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.
Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”