Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.
Pravda.az xəbər verir ki, keçmiş sədr Milli Məclisin deputatı olsa da, iclaslara qatılmır.
Vasif Talıbov ötən ilin dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin payız sessiyasının dekabrın 23-də, 27-də və 30-da plenar iclasları keçirilib. Vasif Talıbov bu iclasların heç birinə qatılmayıb. Dekabrın 30-da payız sessiyası işini başa çatdırıb və deputatlar yanvarın 15-nə kimi tətilə yollanıblar.
2023-cü il fevralın 1-də Milli Məclisin yaz sessiyası işinə başlayıb. İndiyə qədər yaz sessiyasının 5 iclası keçirilib. Vasif Talıbov bu iclasların heç birində görünməyib.
Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər.
Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzrsüz səbəbdən iclasda iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzrlü səbəb sayılır.
Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.
Milli Məclisin daxili nizamnaməsinin 45-ci maddəsində bildirilir ki, parlamentin və komitələrin iclaslarına üzrsüz səbəbdən qatılmayan deputatlar parlamentdaxili məsuliyyətə cəlb olunurlar.
Nizamnamənin 46-cı maddəsində parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirlərinin siyahısı verilib.