BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qadınlar boşanmağa meyllidir, azad sevgi istəyirlər...”

Son vaxtlar Azərbaycanda boşanmaların sayı xeyli artıb. Buna isə adətən hər iki tərəfin xəyanət etməsi səbəb kimi göstərilir. İndi qadınlar arasında xəyanətin artması da ciddi siqnaldır . Demək olar ki, hər gün qadın xəyanətləri ilə bağlı xəbərlər dərc olunur.

 

Bəs görəsən, buna səbəb nədir? Həqiqətənmi qadınlar xəyanətə meyilli olublar?

 

Pravda.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov uzun illər əvvəl Avropada baş verənlərin zamanla bizim ölkəyə də təsirsiz ötüşmədiyini deyib:

 

“Avropada və dünyada 50-ci illərdə baş verən hadisələr öz təsirini indi Azərbaycan cəmiyyətinə göstərməyə başlayıb. Bilirsiniz ki, ötən əsrin 50-60-cı illərində əvvəl Fransada, sonra Avropa və Amerikada bir tələbə hərəkatı, solçu hippilər hərəkatı baş qaldırdı və onlar həm də keçmiş SSRİ tərəfindən də maliyyələşdirilirdi deyə bütövlükdə dünyanın bir çox texnologiyalarının dəyişməsinə aparıb çıxardı. Onlardan biri də həyat tərzi ilə bağlı idi - azad sevgi, sərbəst münasibətlər, ictimai nikah, klassik ailə ənənələrinə yox, azad narkotik, azad seks kimi məfhumlar idi. Onlar müxtəlif cəmiyyətlərin oturuşmuş sistemlərinin dağılmasına aparıb çıxaran şüarlar səsləndirirdilər.

 

Hippilər hərəkatının müsbət tərəfləri də sözsüz ki, çox idi. Amma bizi daha çox ailə və mental dəyərlərə vurduqları zərbə maraqlandırır. Bu həm dünyada, həm də Azərbaycanda öz izlərini qoymağa başladı.

 

Dövlət müstəqilliyi əldə edildikdən sonra isə ailə dəyərlərində bir növ aşınma, inqilabi çevriliş baş verdi. Artıq insanlar “ailə dövlətin möhkəm təməlidir” prinsipi ilə çıxış etmək istəmirdilər. Müəyyən mənada artıq fərdiyyətçilik üzə çıxmağa başladı. Bu liberal dəyərlərin Avropadan təbliğ edilməsi, eyni zamanda, insanları “ailə girovu”ndan azad edilməsi ilə Azərbaycanda klassik ailə ənənələri dağılmağa başladı. Bu dağılmanın da ən böyük ağrısını uşaqlar çəkirdi. Artıq kişilər və qadınlar azad yaşamaq istəyirdilər, ictimai yaxud dini nikahda ailə münasibətləri qurmaq istəyirdilər və bu da boşanmaların sayının durmadan artmasına gətirib çıxardı”.

 

Kulturoloqun sözlərinə görə, əgər qadınlar xəyanət edirsə, burada kişilər də günahkardır və kimisə suçlamaq əvəzinə problemi həll etməyə fokuslanmalıyıq:

 

“Müasir dövrdə isə bu mənfiliklərlə yanaşı teleseriallar, filmlər, sosial şəbəkələr sayəsində bütövlükdə ailə dəyərlərinin aşınmasının şahidi olduq. Mental dəyərlərdə klassik ənənələrə olan nisgillik sonda yalnız qadınların suçlanmasına səbəb oldu. Hər boşanmada günahı birbaşa qadınların üstünə atdılar. Hətta vəziyyət o yerə çatdı ki, sosial şəbəkələrdən istifadə edən xanımlara belə xəyanət edir damğası vuruldu və s.

 

Lakin bu gün əksinə, biz qadınların ictimai inqilabını görürük. Qadınlar artıq azad sevgi istəyirlər, feminizmin ən pis cəhətlərini götürürlər, boşanmaya daha çox meyllidirlər, həm də övladları bir silah kimi kişilərə qarşı istifadə etməyə başlayıblar. Bu da normal qarşılanmalıdır, çünki təsir əks təsirə bərabərdir. İlk baxışdan elə görünür ki, qadınların xəyanəti çoxdur və ailələr buna görə dağılır, amma baxaq görək xanımlar həyat yoldaşlarına kimlərlə xəyanət edirlər? Hər halda, biz Avropa cəmiyyətində yaşamırıq və bizdə lezbiyan münasibətləri çox azdır. Əgər bu gün xanımların nişanlıları ilə, həyat yoldaşları ilə münasibətləri soyuyursa və o sevgini kənarda axtarırlarsa, hər halda burda günah həm də kişilərdədir. İstənilən halda, xəyanətin hər iki tərəfində həm qadın, həm də kişi dayanır. Kimisə suçlamaq yox, bu problemin qarşısını necə almaq lazımdır onu düşünməliyik”.

Tarix: 31 Mart 2023, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin