Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi davam edir.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən ötən prosesdə ifadələr dinlənilib.
Vüsal Ələkbərov deyib ki, “Texnikabank”ın sədri Etibar Əliyev və onun qohumlarından hədə-qorxu ilə pul almaları doğru deyil: “Mən Mövlam Şıxəliyevə yox, Azərbaycan Respublikasına xidmət etmişəm. Azərbaycanın Avropa Şurasına qəbul olunmasında şəxsən böyük xidmətlərim olub. ABŞ-nin Tanzaniyadakı səfirliyinin partladılmasına rəhbərlik etmiş şəxsin həbsində də şəxsən iştirak etmişəm. Mənim həbsim xarici xüsusi xidmət orqanlarının səyi nəticəsində olub. Etibar Əliyev Baş Prokurorluqakı tanışları hesabına, pulu hesabına bizə ittiham verdirdi. Biri gəlib deyir ki, qoyunlarımı satdım, 600 min verdim. Sənin işini kim aparıb get onunla dava elə də, mənimlə niyə dava aparırsan?”
Sahib Ələkbərov isə 2012-ci ildə Bakıda mobil texnologiyalar şirkətinin 4 vəzifəli şəxsini tutmasından danışıb: “Rüstəm Usubova (keçmiş Baş prokurorun birinci müavini - red.) məruzə elədim, istintaq təcridxanasına təhvil verib getdim evə. Səhər mənə zəng gəldi ki, Baş prokuror Zakir Qaralov, köməkçisi Elmar Camalov, müavini Rüstəm Usubov və MTN naziri Eldar Mahmudov kabinetdə gözləyirlər. Dedilər ki, dünən tutduğun adamları təcili azad elə. Onların buraxılması barədə qərarı Mövlam Şıxəliyevin imzası ilə istintaq təcridxanasına, bir nüsxəsini isə Baş Prokurorluqda Elmar Camalova verdim. O dedi ki, “Zakir Qaralov tapşırıb ki, bu şirkət barədə araşdırmanı dayandır. Zakir Qaralovun icazəsi olmadan hər hansı bir bankda istintaq aparmaq olmaz”. Bir dəfə bir bankın 1 milyon manatlıq çekini araşdırırdım. Bankın idarə heyətinin 3 üzvündən birini dindirdim. Çoxsaylı zənglər gəlməyə başladı. Nazirlərdən birinin oğlunun bankı idi. Dedilər, araşdırmanı dayandır, dindirdiyin şəxsdən üzr istə, sərbəst burax. Mən də üzr istəyib həmin şəxsi sərbəst buraxdım. Yəni mənə hansı iş tapşırılıb, onu araşdırmışam”.
Zərərçəkmiş Qulam Bağırov söz alaraq bildirib ki, vaxtilə Azərbaycanının ən böyük tikinti şirkəti olan “AzərTunel”də maliyyə işləri üzrə müdir olub. S.Ələkbərov isə təşkilatın 100 milyonlarla manat dövriyyəsi olduğunu müəyyən edəndən sonra bu barədə Mövlam Şıxəliyevə məruzə edib ki, Qulam Bağırovu tutmaq lazımdır: “Məni tutdular. Buraxılanda qardaşım bildirdi ki, azad olunmağına görə mənzilin, avtomobilin, bütün yaxın qohumların zinət əşyaları satılıb, üstəlik də dostlardan və qohumlardan külli miqdarda borc almışıq ki, sən azadlığa çıxasan. Bundan sonra Sahib Ələkbərov barəmdəki saxta ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərdi. İlk iclasda məhkəmə katibi dedi ki, “sən hər dəfə bura gəlmə, sənlik burda bir iş yoxdur, özümüz məhkəmənin sonunda çağırağıq”. Elə də oldu, katib hökm elan olunan gün məni məhkəməyə çağırdı. Şərti cəza verdilər. Məhkəmədən sonra katib dedi ki, “çaşıb apelyasiya şikayəti verərsən, yazıqsan, MTN-lə özünü düşmən eləmə”. Katibin dedikləri sıradan sözlər deyildi. Başa düşürdüm ki, şikayət versəm, ağır cəzaya məhkum oluna bilərəm. Ona görə də oturub MTN-dəki quldur yuvasının dağılmasını gözlədim.
Mən buradan Mövlam Şıxəliyevə sual verirəm, niyə vəkil Elçin Qəmbərovdan 510 min manata görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, siz 510 min manat pul itkisi ilə heç cür razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satırmaqla aldığınız pullar dəyərli deyil?!”
Daha sonra zərərçəkən, iş adamı Hüseyn Səfərov çıxış edib. O deyib ki, 2008-ci ilin oktyabrında saxlanılıb və buraxılması üçün 1 milyon manat istəyiblər: “Gördülər, 1 milyona razıyam, qaldırdılar 3 milyona. Axırda 2 milyona razılaşdılar. Mövlam Şıxəliyev buraxıldığım gün mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Oğlum pulu idman çantasında gətirmişdi. Vüsal Ələkbərov gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Bir evim var idi, onu da 300 minə satdırıb pulu aldılar. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram.