Azərbaycanda səfərdə olan Amerika Hüquq Məktəbinin (SAL proqramı) təsisçiləri Ketevan Jeladze və Maia Meskhi martın 30-da Vəkillər Kollegiyasında olublar.
Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə çoxsaylı təhsil müəssisələri və beynəlxalq təşkilatlarla memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib və vəkillərin peşə hazırlığının artırılmasının Kollegiya üçün vacib elementlərdən biri olduğunu vurğulayıb.
Səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar ölkəmizə səfər etməkdən məmnun olduqlarını bildirib və Vəkillər Kollegiyası ilə əməkdaşlığın üstünlüklərindən danışıblar.
Bildirilib ki, SAL proqramı ilk il üzrə Gürcüstanda iki semestr davam edir. İki semestrlik proqramı bitirdikdən sonra, məzunlar Çikaqo-Kentdə hüquq üzrə magistr (LLM) təhsillərini davam etdirə bilərlər. Qeyd olunub ki, Çikaqo-Kent Hüquq Kolleci ABŞ üzrə məhkəmədə vəkillik sahəsində 7-ci, əqli mülkiyyət hüququ sahəsində 12-ci, hüquqi yazı sahəsində isə 39-cu yerdədir.
Sonra Amerika Hüquq Məktəbi ilə Vəkillər Kollegiyası arasında anlaşma memorandumu imzalanıb.
Əldə olunmuş razılığa əsasən, Kollegiyanın üzvləri müstəsna olaraq aşağıdakı güzəştləri əldə edirlər:
Qəbul zamanı Vəkillər Kollegiyası üzvlərinə üstünlük;
Vəkillər Kollegiyasının üzvləri SAL proqramı təhsili üçün əlavə 10% endirim (SAL üçün sabit təhsil haqqı 6500 dollar əvəzinə, 5850 dollar);
Müraciət edən hər 10 vəkil üzrə, 2 vəkilə tam təqaüd (seçim SAL proqramı və Vəkillər Kollegiyası tərəfindən şəffaf prosedur əsasında aparılacaq və elan olunacaq);
Amerikalı müəllim tərəfindən pulsuz onlayn hüquqi ingilis dili kursu;
Amerikalı professorlar tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün xüsusi təlimlər və master-klaslar.