Əməkdar artist, xanəndə Sevinc Sarıyevaya ağır itki üz verib. Belə ki, sənətçinin yaxın qohumu, musiqiçi, qarmon ifaçısı Yadigar Tofiqoğlu dünyasını dəyişib.
Pravda.az xəbər verir ki, moderator.az-a açıqlama verən Sevinc xanım itkidən bərk sarsıldığını bildirib.
"Yadigar haqda o qədər planlarım var idi ki. 3-5 il idi ki, sənətdə idi. Bu o qədər də böyük illər deyil. Yaşadığı Ağcabədinin Ağabəyli kəndində qəzaya düşdü. Onun itkisi bütün nəslimiz üçün böyük dərd oldu. Özünün də heç taleyi əvvəldən gətirməmişdi. Atasını vaxtsız itirmişdi. Uzun müddət öz doğma qardaşından ayrı idi, indi-indi birləşmişdilər, qəza baş verdi. Fələk onları ayrı saldı. Musiqi barədə o qədər fikirləri var idi ki. Deyirdi ki, "gəlib konservatoriyaya sənəd verib, bu sənətin təhsilini alacağam". Xalq artisti Ənvər Sadıqovdan sənətin sirlərini öyrənmək istəyirdi. Deyirdi ki, "toyda qeyri professional musiqiləri ifa edəndə özüm-özümü bağışlaya bilmirəm". Mən də deyirdim ki, hələ ki, pul qazanmaq üçün bunları ifa etməlisən. Onunla son illərdə bir neçə toya düşmüşdüm. Dəfnində görərdiniz ki, nə qədər insanlar yığışıb gəlib, necə böyük izdiham var idi! Öz-özümə deyirdim ki, kaş şəhid olardı. Bütün şəhidlərin ruhları qarşısında baş əyirəm. Gecə toydan gələndə ağır qəzaya düşüb. İti vurmamaq üçün, maşını yolun kənarına çəkib, gedib ağaca dəyib. Mənim üçün çox ağır dərddir. Sənətə gələndə də, mənimlə məsləhət edib gəlmişdi. İmtahana da mənim evimdən getmişdi. Qardaşım oğlu kimi onu çox istəyirdim. O da hamıya fəxrlə deyirdi ki, Sevinc xanım mənim doğmamdır", - deyə sənətkar bildirib.