“Ümummilli lider Heydər Əliyevin sözləri bu gün də qulaqlarımdadır: “Yarış meydanlarında Azərbaycanın bayrağını yüksəltmək dövlət sərhədini qorumaq qədər şərəflidir” – bu gün 75 illik yubileyini qeyd edən SSRİ-nın İdman ustası, Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordenli Elçin Zeynalov Bizim.Media-ya müsahibə verib.
Elçin Zeynalov 1 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hazırda idman müəllimi kimi fəaliyyətini davam etdirən Elçin Zeynalov Gəncə şəhər yığma komandasının baş məşqçisi vəzifəsində çalışır. Bir çox yetirmələri Dünya, Avropa çempionatlarının, Dünya Kubokunun qalibi və mükafatçılarıdır. SSRİ İdman ustası, Azərbaycanın əməkdar məşqçisi, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı, “Şöhrət” ordeni, “Tərəqqi medalı”, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
- Elçin müəllim, idmana gəlişinizi necə xatırlayırsınız?
- Hələ uşaq yaşlarımdan güləş idman növünə böyük həvəsim var idi. Küçədə həmyaşıdlarımla tez-tez imkan düşən kimi güləşirdim. Təxminən 6-cı sinifdə oxuyurdum. O zamanlar Şah Abbas Məscidinin yanında məşqçilər məktəbi var idi. Orada sərbəst güləş üzrə məşqlər keçirdilər. İndiyə kimi yadımdadır. Hər gün gəlib o binanın pəncərəsinin qarşısında dayanıb məşq edən uşaqlara baxırdım. Məşqləri o zaman SSRİ idman ustası, Əməkdar məşqçi Firudin Həsənov keçirdi. Bir gün mərhum Firudin müəllim məni pəncərənin qabağında gördü və zala dəvət elədi. Soruşdu ki, güləşə həvəsin varmı? Mən də bildirdim ki, çox sevirəm bu idmanı. Onda məni bir həmyaşıdımla döşəyə çıxardı. Amma həmin uşağa tapşırmışdı ki, mənə uduzsun. Bunu sonralar bildim. Həmin döşəkdə ilk qələbəm məni güləşə gətirdi.

- İdmançı Elçin Zeynalov sonradan peşəkar bir məşqçi oldu. Yetirmələrinizdən danışaq bir az...
- 1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil oldum. O zamanlar məşqçilərə və idman müəllimlərinə böyük tələbat var idi. 1-ci kursu bitirdikdən sonra mən Gəncədə məktəblərin birində fiziki tərbiyə müəllimi kimi işə başladım. Təbii ki, həmin məktəbin zalında güləş döşəyi var idi və orada uşaqlara və gənclərə güləş idman növünün sirlərini öyrətməyə başladım. Sonradan Gəncədə Dinamo İdman Cəmiyyətinin idman zalında məşqlər keçməyə, artıq peşəkar şəkildə Azərbaycan, o zamanlar SSRİ və Dünya çempionatları üçün güləşçilər hazırlayırdım. Yetirməm olan Raqif Məmmədov 45 kiloqram çəki dərəcəsində 1989-cu ildə Bakı da keçirilən SSRİ çempionatında yalnız tanınmış ukraynalı idmançı Pervaçuka uduzaraq gümüş medal qazandı. Digər yetirməm Ayazxan Paşayev Spartak cəmiyyətləri arasında keçirilən SSRİ çempionatında qızıl medal qazandı. Məşqçisi olduğum Valeh Qasımov isə MDB dövlətləri arasında keçirilən birincilik də qazandığı gümüş medalla bizi sevindirdi. Yetirmələrindən beynəlxalq arenada Azərbaycan himnini səsləndirən güləşçim Habil İbrahimov olub. O, 1995-ci ildə Macarıstanda keçirilən Yeniyetmələr arasında Dünya birinciliyində ilk dəfə qızıl medal aldı.
- Elçin müəllim, bəs, sizin üçün ən yadda qalan yarış hansı olub?
- Yarışların hamısı yadda qalandır, uğurların hamısı şirindir, qürurvericidir. Amma mənim üçün 1996-ci ildə İran İslam Respublikasında keçirilən Dünya çempionatı yaddaşımda bir iz buraxıb. Bilirsiniz ki, İran güləşin çox inkişaf etdiyi ölkələrdən biridi. Burada keçirilən yarışda nəticə qazanmaq, özü də dünya çempionatı kimi bir titullu yarışda çox çətin məsələ idi. Yarışların birinci günüdə 40 kiloqram çəki dərəcəsində yetirməm Rza Xəlilov finalda iranlı pəhləvanına qalib gələrək, qızıl medal qazandı. Yarışın ikinci günü 48 kiloqram çəki dərəcəsində digər yetirməm Habil İbrahimov o zamanlar İranın ən güclü və titullu pəhləvanı Dərvişiyə qalib gələrək ikinci dəfə dünya çempionu oldu. Təsəvvür edirsinizmi, İranda Azərbaycan himni iki dəfə səsləndi və 10 minlərlə insan ayaq üstə idmançılarımızı alqışladı. O zaman mən İrandan, Azərbaycanın Prezidenti, Ümummilli Lider Heydər Əliyevə teleqram vurdum. Orada yazmışdım:
“Çox hörmətli Heydər Əlirza oğlu Əliyev cənablarına “Azərbaycan himni nəhayət ki, İranda səsləndi və bayrağımız qalxdı. Güləşçilərimiz iki dəfə himnimizlə hamını ayağa qaldırdılar”.
-Elçin müəllim bu teleqramdan sonra Ümummilli Liderlə görüşünüz oldumu?





