Müğənni Nəfəsin "7 Canlı” verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.
Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib. Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: "Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da "manıs”lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə "manıs”lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan "manıs” da elə bu cür danışacaq.
Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa "manıs”ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir”.