Dünən Naxçıvan şəhərinin “Böyük bağ” adlanan ərazisində olan Nəriman Nərimanovun büstü sökülüb. Məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, heykəlin yerində nə olacağı hələ dəqiq məlum deyil. Əslən Naxçıvandan olan tanınmış rejissor Tahir Tahiroviç TNS-ə açıqlamasında maraqlı təkliflə çıxış edib. Rejissor Nəriman Nərimanovun büstünün yerində görkəmli bəstəkar Ramiz Mirişlinin abidəsinin ucaldılmasını təklif edib.
Tahir Tahiroviç Nəriman Nərimanovun Naxcıvandakı büstünün təsadüf nəticəsində qoyulduğunu bildirib: “Bəlkə də bunu çox adam bilmir. 1983-cü ildə Naxçıvanda Heydər Əliyevə büst ucaldılanda postamenti Jitomir şəhərindən gətirmişdilər. Daş Naxçıvana çatdırılanda ləkəli olduğunu görüb yenisini sifariş verirlər. Ləkəli və həm də bahalı daşı atmamaq üçün milli hökumətimizin süqutunun baiskarlarından biri Nərimanovun dəxlisiz büstünü “Böyük bağ”da ucaltdılar. Hər dəfə ordan keçəndə əsəblərim gərilirdi. Çünki o yer Ramiz Mirişlinin heykəlinin yeridir. Dünən Nərimanovun büstü çöküb, yaxşı olub. Milli hökumətimizi çökdürən adamın büstünü yağış çökdürüb. Onsuz da həyatı kimi büstü də ləkəli olan Nərimanovun büstü geri qaytarılmalı deyil. Yerində isə böyük bəstəkar Ramiz Mirişlinin böyüdüyü evə baxan yerdə heykəli ucaldılmalıdır”.