“Bir az şorla bir tikə çörək verirlər, o da quru olur. Gətirilən ətlə yemək bişirirlər, haqlarına girməyim. Amma piyini və sümüyünü bişirirlər, ətli yerini götürürlər, sümüyü qalır. Almaların çürüyünü saxlayıb, yaxşılarını götürürlər”, – bu sözləri yeniyetmə M.H. qaldığı uşaq evi haqda danışarkən deyib.
Bugünlərdə Azərbaycanın sosial şəbəkə seqmentində Bakının Xətai rayonu, 3 saylı Uşaq Evi ilə bağlı videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, gətirilən qidalar mənimsənilir.
“Bir tikə quru çörəyin üstünə yarısı qədər şor çəkirlər. Uşaqlar o çörək ilə doymurdu. Səhər onu yeyib gedirdilər məktəbə, orada da onun-bunun ağzına baxırdılar. Uşaqlar da bufetdən, ev uşaqlarından dilənməyə məcbur qalırdılar. Südü, meyvəni aparırlar. Bütün hər şeyi mənimsəyib yox edirlər. Bununla bağlı video çəkmişdim TikTok üçün. Amma öz şəxsi telefonum ya uşaq evindədir, ya da Əhmədlidə 34-cü polis bölməsindədir”, –videoda yeniyetmə bildirir.
Onun sözlərinə görə, uşaq evinin direktoru onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu da əlindən alıb. Müraciətdən bir qədər sonra sözügedən yeniyetmənin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə məlumatlar yayıldı.
AzadlıqRadiosu yeniyetmənin yaxınları ilə əlaqə qura, son vəziyyəti barədə məlumat ala bilməyib.
“Xəcalətdən ölürəm….”
Sözügedən uşaq evinin müdirəsi Məhbubə Hüseynova Azadlıq Radiosuna bildirib ki, video yayılan gündən müəssisəyə yoxlamalar gəlməkdədir, heç bir problem aşkar edilməyib: “Mən artıq xəcalətdən ölürəm, layiq deyiləm belə rəftara. Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb hər kəs gəlib müəssisəyə baxa bilər. Qidalanma ilə bağlı heç bir problem yoxdur. Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparıb, təkcə kolbasanı problem etdilər. Onu da dövlət almayıb, uşaqlar istəyir deyə, özüm almışam. Qidalanma üçün xüsusi norma var. Biz də qidaları həmin normaya əsasən veririk, ola bilər ki, bu uşaqlara çatmasın. Normadan kənara çıxmağa ixtiyarım yoxdur. Hətta bəzi sexlər əlavə çörək də verirlər, sağ olsunlar. Qanunla təyin olunan normanın az olması da bizlik deyil axı, 17-18 yaşında olanlara 10 qram versək, doymamaqları normaldır”.
Yeniyetmənin danışıqlarını əsassız sayan Hüseynova bildirir ki, sözügedən şəxs 2014-cü ildən 2018-ci ilə kimi 3 saylı Uşaq Evində qalıb, daha sonra isə övladlığa verilib.
“Yəqin ki, yola getmədiyi üçün iki ildən sonra məhkəmə yolu ilə övladlıqdan alındı. Xitam verildikdən sonra Zabratdakı sığınacağa göndərildi. Bir qədər müalicələr aldı, axırda da gəldi bizə”, – deyən müdirə yeniyetmənin digər uşaqlarla, uşaq evinin işçiləri ilə yola getmədiyini iddia edir. O, yeniyetmənin davranışındakı problemlərdən polisə şikayət etdiyini, bununla bağlı dəfələrlə akt tərtib olunduğunu söyləyir.
Yeniyetmənin şikayəti araşdırıldımı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşağın mənimsəmə iddiaları ilə bağlı uşaq evində yoxlamalar aparılıb-aparılmayacağı haqda məlumat açıqlamayıb. Lakin komitədən deyilib ki, 3 saylı Uşaq Evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır. Komitə bildirir ki, klinikaya yatırılması haqqında qərar yeniyetmənin iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabçasındakı müalicə tarixçəsi, həmçinin kənar mütəxəssisin yoxlanılmasından sonra verilib.