Azərbaycanda fəaliyyət göstərən “cırtdan” partiyaların bir-birinin ardınca özünü buraxması müzakirələrə səbəb olub. İlk baxışda bunun “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı olduğu güman edilsə də, ölkənin siyasi həyatında daha ciddi proseslərin getdiyinə dair qənaət mövcuddur. Analitiklər həmişə “boylarından” böyük iddia ilə çıxış edən kiçik partiyaların qəfildən fəaliyyətini dayandırmasını təsadüfi hesab etmirlər.
Pravda.az xəbər verir ki, “Siyasi partiyalar haqqında” Qanuna edilən dəyişikliklər bu sektorda ciddi dəyişikliklərə səbəb olacaq. Beləki, son dəyişikliklər hər bir siyasi partiyanın ən azı 5 min üzvünün olmasını tələb edir. Azərbaycan reallığında isə rəsmi qaydada bu qədər tərəfdar toplamaq real görünmür. Müşahidəçilərin fikrincə hakim Yeni Azərbaycan Partiyası və daha bir-iki siyasi partiya bu normativi yerinə yetirməyə qadirdir. Belə olan halda isə siyasi partiyaların bir-birinin ardınca sıradan çıxması qaçılmazdır.
Qeyd edək ki, proses təkcə ayrı-ayrı siyasi partiyaların fəaliyyətini dayandırması ilə yekunlaşmır. Gündəmdə partiyaların yeni koalisiyasının yaranacağına dair iddialar var. Bu iddiaların tədricən öz təsdiqini tapması yeni müzakirələrə rəvac verib.
Hazırda bu istiqamətdə aparılan əsas müzakirələr “Milli Birlik” Hərəkatının lideri Lalə Şövkətlə bağlıdır. Azərbaycan Liberal Partiyasının (ALP) sədrliyindən istefa verəndən sonra "kölgəyə çəkilən" xanım siyasətçinin adının yenidən siyasi müzakirələrin predmetinə çevrilməsi böyük marağa səbəb olub. L.Şövkətin “danışan dili” sayılan ALP sədri Əvəz Temirxanın 12 siyasi partiyanın onların ətrafında birləşmək niyyətini açıqlaması müzakirələrə rəng qatıb.
Lalə Şövkətin uzun illərdən sonra yenidən aktiv siyasətə dönməsi nə ilə bağlıdır?