Azərbaycanda tanınmış geyim mağazalarının sahibi Mustafa Tayatla həyat yoldaşı Suzana Tayat arasında əmlak bölgüsünə görə mübahisə yaşanıb, tərəflər bir-birini məhkəməyə verib. “Qafqazinfo”nun məlumatına görə, Mustafa Tayat 2021-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. Bundan sonra həyat yoldaşı Suzana Tayat Nərimanov Rayon Məhkəməsinə müraciət edərək nikah dövründə satılmış ərinə məxsus mənzilin dəyərinin yarısını istəyib.
O iddia edib ki, boşanma ərəfəsində əri təcili olaraq mənzili dostu Ahmet Tanyıldıza satıb. Qadın deyib ki, Mustafa Tayatın əsas məqsədi rəsmiyyətdə adına daşınmaz əmlakın olmamasını təmin etmək, bununla da həmin mənzili tərəflərin birgə mülkiyyəti kateqoriyasından çıxarmaq olub. Suzana Tayat bu səbəbdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyib.
Lakin məhkəmədə məlum olub ki, o, 2019-cu ildə mənzilin satılmasına etiraz etməməsi barədə ərinə etibarnamə veribmiş. Qadın həmin ərəfədə ailədə problemləri olmadığı üçün etibarnamə verdiyini, lakin o vaxt mənzilin satılmadığını bildirib.