Azərbaycançılıq ideologiyasının müəllifi Heydər Əliyev Azərbaycan dilinin, milli-mənəvi dəyərlərinin, tarixinin, ədəbiyyatının inkişaf etdirilməsi və təbliği istiqamətində mühüm addımlar atıb. Azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Azərbaycançılıq ideologiyasının inkişafı hər bir vətəndaşın torpaq, Vətən sevgisindən, milli-mənəvi dəyərlərə, tarixinə, dilinə bağlılığından irəli gəlir. Heydər Əliyev daim vurğulayıb ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq, onu möhkəmləndirmək üçün vasitədir.
Milli Məclisin deputatı Elman Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, ulu öndər Heydər Əliyev azərbaycançılıq ideyasını dövlət təlimi səviyyəsinə yüksəldib.

“Ulu öndər Azərbaycançılıq ideologiyasının formalaşmasında müstəsna rol oynadı, azərbaycançılıq ideologiyasını Azərbaycan xalqını birləşdirən qüvvəyə çevirdi. Bu ideologiya ətrafında çoxmillətli, çox konfensiyalı olan Azərbaycan Respublikasında sülh, əmin-amanlıq, sabitlik formalaşmağa başladı. Ulu öndər azərbaycançılıq ideologiyasından bəhs edərkən söyləyirdi ki, ilk növbədə bu, Azərbaycan dilinə bağlılıqdan başlayır, dili qorumalı, inkişaf etdirməliyik. Ulu öndərin bu addımı təsadüfi deyildi. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başlayarkən Bakı Dövlət Universitetinin 50 illiyi keçirildi. İlk dəfə BDU-nun kürsüsündən ulu öndər Heydər Əliyev Azərbaycan dilində nitq söylədi. O zamankı reallıqda bu, çox böyük cəsarət tələb edən bir addım idi. Bu analoji addımı heç bir müttəfiq respublika rəhbəri ata bilməmişdi. 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyamızda dövlət dili kimi təsvir edilməsinə də ulu öndər nail ola bildi. 1970-ci illərin ortalarında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin üç cildliyi hazırlandı. Müəlliflər kollektivi də dövlət mükafatına layiq görüldü. Keçən əsrin 30-cu illərindən həmişə “Rusca-Azərbaycanca lüğət” ruslaşdırma siyasətinə xidmət etdiyi üçün dövlət mükafatına layiq görülürdü. İlk dəfə məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan dili çoxcildliyi də bu mükafata layiq görüldü. Artıq rus dilinin deyil, Azərbaycan dilinin təbliği məsələləri ön plana çəkildi. O, eyni zamanda azərbaycançılıq ideologiyasını dövlət təlimi səviyyəsinə qaldırarkən milli-mənəvi dəyərlərimizin qorunması, hifz edilməsi, inkişafı məsələlərinə xüsusi diqqət ayırırdı. Öz milli-mənəvi dəyərlərinə sahib çıxmayan xalqları böyük fəlakət gözlədiyini söyləyirdi. Onlara mənəvi terrorun obyektinə çeviriləcəkləri barədə xəbərdarlıq edirdi. “İlk növbədə öz kimliyini tanımalı, qorumalı, hifz etməli, milli-mənəvi dəyərlərin ən yüksək səviyyəyə qaldırmalı, ümumbəşəri dəyərlərə böyük hörmətlə yanaşıb bir millət, dövlət olaraq hədəflər müəyyən etməli, buna nail olmalı...” Ulu öndər məhz belə müəyyən etmişdi. Təsadüfi deyildi ki, 2001-ci ildə Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların böyük qurultayını keçirdi, diasporumuzu formalaşdırdı, qurultay keçirdi. Məhz ilk dəfə bu qurultayda böyük qürur hissi ilə söylədi ki, “mən həmişə demişəm, bu gün də deyirəm, mən fəxr edirəm ki, azərbaycanlıyam”. Milli kimliyini tanımaq, onu qorumaq, inkişaf etdirmək öz dilinə sahib olmaq, onu daha da yüksəltmək əsas hədəflərdən biridir”, - deputat deyib.
E.Nəsirov bildirib ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasına olan sadiqliyi, onu dövlət təlimi səviyyəsinə qaldırması sahəsində məsələlərin öhdəsindən layiqincə gələ bilib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr tarixində keçirilməsi ulu öndər tərəfindən müəyyən edildi. Bütün bunlar nəticə etibarilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birləşdirilməsi mənafeyinə xidmət edir. Onları birləşdirən ideoloji xətt isə məhz azərbaycançılıq idi. Azərbaycançılıq ideologiyası Azərbaycan dövlətindəki sabitliyin, əmin-amanlığın, vətəndaş həmrəyliyinin, səfərbər olmuş cəmiyyətin formalaşmasında həlledici rola malik ideoloji xətdir. Buna xidmət Azərbaycanın sonrakı inkişafını şərtləndirən ən mühüm amildir. Ulu öndərin müəyyən etdiyi bu xəttə cənab Prezident İlham Əliyev sadiqdir. O, hər zaman söyləyir ki, qazandığı bütün uğurların kökündə ulu öndərin siyasətinə sadiqlik dayanır. Bu sadiqlik həm də Azərbaycançılıq ideologiyasının qorunması, inkişafı və sonrakı tərəqqisində öz təsdiqini tapır”.

