2 il öncə Türkiyədə səs-küylü məhkəmə çəkişməsi olmuş “İnvestAz Asset Management” MMC-nin lisenziyasının ləğv edilməsilə ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Düzdür, bir ölkə üçün cəmi bir investisiya fondlarının idarəçisinin qalması yaxşı göstərici deyil. Ancaq etibarsız bir fonda vəsait əmanət etmək də təhlükəlidir. Üstəlik elə bir fond ki, şirkət rəhbərinə, şirkətin İdarə Heyətinin üzvünə, icraçı direktoruna qarşı nüfuzlu iş adamının şikayəti əsasında cinayət işi açılır.
Etibarını itirmiş bir şirkət ətrafında qalmaqal təkcə Azərbaycanda deyil, Türkiyədə də davam edib, hətta Türkiyə mediası da bu haqda dəfələrlə yazılar dərc edib. Hələ 11 may 2021-ci ildə “İnvestAz” şirkətinin müflis elan edilməsi ilə bağlı İstanbul Ticarət Məhkəməsində iddia qaldırılıb.
Bundan əvvəl də sözügedən şirkətin Türkiyəli iş adamı Yunus Akgünün 1 milyon dollarını mənimsədiyi iddia edilirdi. Bildirilirdi ki, türkiyəli iş adamı “InvestAz”da öz hesabına 891 min 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün “InvestAz”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.
Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. “InvestAz” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Bu araşdırmadan sonra “InvestAz” 1 milyon 836 min 538 lirə cərimə də olunub.
İstintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını bildiriblər.