“Pensiyanın, təqaüdlərin, müavinətlərin artırılması ilə bağlı siyasi partiyalar adından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha müraciət edilməsi yersiz bir addımdır”.
Ağasif Şakiroğlu: “Xalq daha 1992-1993-cü ildəki kimi deyil”
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu deyib.
A.Şakiroğlu hesab edir ki, heç bir siyasi partiya yaranmış ağır vəziyyətdən öz partiya maraqları naminə sui-istifadə hallarına yol verməməlidir: “Bir partiya sədrinin “ölkənin siyasi partiyaları” kimi böyük ad altında öz düşüncələrini cəmiyyətə sırıması, hesab edirəm ki, siyasi baxımdan etik deyil. Kimsə və ya kimlərsə özünü ağıllı göstərmək istəyirsə, başqa vasitələrdən istifadə etsinlər. Amma xalq daha 1992-1993-cü ildəki kimi deyil! Bu gün hərə öz adına danışsa, daha yaxşı fayda vermiş olar cəmiyyətə. Xalq yalana söykənən, pafos arxasınca getmir. Bu səbəbdən də heç kim müştəbehlik etməsin! Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayrılıb. İndi əminəm ki, hökümət görsə ki, bu vəsait də azlıq edir, vətəndaşlar az itki ilə çıxsın deyə yenə maddi vəsait ayıracaq. Prosesi şəxsən izləyirəm. Hazırda hakimiyyət tərəfindən atılan addımlar, görülən işlər yalnız vətəndaşların təhlükəsizliyi, sağlamlığı və belə vəziyyətdə çətinlik çəkməməsi üçündür. Əgər belə olmasaydı, əmin olun, hər zaman xalqın maraqlarından çıxış edən biri kimi, ilk mən tənqid edərdim. Lakin hazırda görülməsi lazım olan bütün işlər görülür. Yetər ki, vətəndaşlar üzərlərinə düşən məsuliyyəti dərk etsinlər, karantin rejimi qaydalarını pozmamağa çalışsınlar, həyata keçirilən işlərə dəstək olsunlar”.