Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş İbrahim Xələfzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 26-na təyin edilib.
Xatırlatma: İbrahim Xələfzadə 2018-ci ilin oktyabrından 2021-ci ilin fevralın 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən həmin məhkəmənin hakimi Rahib Salmanovun icraatında Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisinə vəd verib.
İbrahim Xələfzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, həmin məbləğdə pulu alıb.