Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hospitalında müalicə alır.
Pravda.az xəbər verir ki, "report"un Fazil Mustafanın köməkçisi və yaxınlarından əldə etdiyi məlumatlarda müalicə prosesinin davam etdirildiyi, durumunun günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından məlumatlı olduğu bildirilib.
Belə ki, 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Ötən müddətdə verilən rəsmi məlumatlardan göründüyü kimi, cinayət hadisəsi ilk gündən terror aktı kimi qiymətləndirilərək faktla bağlı Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.