Azərbaycanda əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi nəzərdə tutulur.
Bu, Nazirlər Kabinetinin aprelin 4-də təsdiqlədiyi "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nda əksini tapıb.
Eyni zamanda Tədbirlər Planında əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların da idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bəs, bəzi məhsulların ƏDV-dən azad edilməsi bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxardacaqmı və əsasən hansı məhsullar ƏDV-dən azad edilməlidir?
Pravda.az-ın xəbərinə görə, iqtisadçı-ekspert Natiq Cəfərli “Sputnik Azərbaycan”a deyib ki, yaxın zamanlarda Nazirlər Kabinetinin ərzaq və tibbi ehtiyaclarla bağlı idxalı ƏDV-dən azad ediləcək məhsulların siyahısını təsdiqləməsi gözlənilir:
"Bu siyahıya hansı məhsulların daxil ediləcəyini biləcəyik. Azərbaycanın ilkin ehtiyacı olan məhsulların siyahıya salınması daha yaxşı olar.
Fikrimcə, ilk olaraq taxıl və un məmulatları siyahıya daxil ediləcək. Çünki dünyada taxılın qiymətində artım var və Azərbaycanda qiymətlərə təsir etməsin deyə taxılın və yaxud unun idxal zamanı ƏDV-dən tamamilə azad edilməsi daha doğru olar".
O bildirib ki, eyni zamanda kərə yağının, bəzi süd və ət məhsullarının da idxal zamanı ƏDV-dən azad edilməsi daha yaxşı olar:
"Bəzi məhsulların ƏDV-dən azad edilməsi ümumilikdə ölkədə qiymətlərə təsir edə bilər. Yəni 18 faiz azalma olsa, bu, ən azından qiymət artımının qarşısını ala biləcək addıma çevrilə bilər.