BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “İranın bu təxribatçı bəyanatı əks effekt verəcək, bumeranq effekti yaradacaq...”

“İran parlamentinin 210 deputatı Azərbaycanın İsraildə səfirlik açmasını tənqid edən, bu addımı pisləyən bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, guya Azərbaycan bu addımı atmaqla müsəlman birliyinə xələl gətirir, Fələstində müsəlmanları qətlə yetirən sionist rejimin ortağı olur, eyni zamanda bu addımın çox ciddi siyasi nəticələri ola bilər. Ərəb, müsəlman ölkələrinə müraciət edirlər ki, onlar da Azərbaycanın bu hərəkətini pisləsinlər. Bəyanat mətni ilə tanış olandan sonra insanda yaranan birinci sual budur ki, doğrudanmı o 210 deputat müsəlmandır? Doğrudanmı onların xəbəri yoxdur ki, müdafiə etdikləri Ermənistan dövləti 30 il ərzində müsəlman Azərbaycan analarını, qızlarını əsir götürüb saxlayıb, 1 milyondan artıq azərbaycanlı müsəlmanı qaçqın vəziyyətinə salıb, onlara qarşı deportasiya və etnik təmizləmə siyasətini həyata keçirib, müsəlman azərbaycanlıları Xocalıda qətlə yetirib, müsəlman azərbaycanlıların yaşadığı Qarabağdakı bütün əraziləri yerlə-yeksan edib, hər şeyi dağıdıb, müsəlman abidələri olan məscidlərimizin hamısını məhv edib, cəmi iki məscidə toxunmayıb, onlardan tövlə kimi istifadə edib, içində donuz, inək saxlayıb... Bəs onda bütün bunlara görə niyə İran Ermənistan dövlətinə qarşı heç bir addım atmayıb, onları qınamayıb? İran parlamentinin deputatları niyə Ermənistanın işğalçılıq, etnik təmizləmə siyasətini, azərbaycanlılara qarşı soyqırımı, terror siyasətini pisləyən bəyanat qəbul etməyib? Bu, ikiüzlülük və riyakarlığın ən yüksək həddidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Azərbaycanı İsraildə səfirlik açmaqda ittiham edən İran parlamentariləri onda bu suala cavab versinlər: “Azərbaycan torpaqlarını işğal edən və müsəlman azərbaycanlılara qarşı soyqırımı və terror siyasətini həyata keçirən Ermənistan dövlətinin paytaxtında niyə səfirlikləri fəaliyyət göstərir? Hələ bu, az imiş kimi tarixi Azərbaycan ərazisi olan Qafanda da konsulluq açır, “Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xəttdir” deyirlər. Bütün bunlardan sonra utanmadan riyakarcasına iranlı parlamentarilər Azərbaycanı ittiham edən belə mövqelər səsləndirirlər. Düşünürəm, dünya müsəlmanları, xüsusilə İran parlamentinin müraciət etdiyi ərəb ölkələri, İslam Əməkdaşlıq Təşkilatının üzvləri İranın müsəlman ölkəsi olan Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətinin mahiyyətini çox gözəl bilirlər. İran parlamentarilərinin bu cəhdi uğursuzluğa düçar olacaq. Heç bir müsəlman dünyası reaksiya verməyəcək, əksinə, əks reaksiya verə bilər. Müsəlman dünyası bir səslə ayağa qalxıb İranı tənqid edən, onun anti-müsəlman davranışını pisləyən bir mövqe ortaya qoyacaq. Çünki müsəlman dünyası çox gözəl bilir ki, ölkə Prezidenti cənab İlham Əliyev müsəlman həmrəyliyinin təmin edilməsində müstəsna xidmətlər göstərib. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildi. Ölkəmizdə sayca 4-cü İslam Həmrəyliyi Oyunları keçirildi. Bu, təkcə idman oyunları deyildi. Həm də çox böyük siyasi mənası var idi ki, qoy aralarında müəyyən anlaşılmazlıq və gərginlik olan müsəlman ölkələri bir yerdə olsun, bir-birilərinə dəstək versinlər, birlik nümayiş etdirsinlər. Azərbaycan dövləti bu gün həm də Qoşulmama Hərəkatının sədri olaraq müsəlman dünyasına, onların problemlərinin həllinə böyük töhvələr verir. Pandemiya dövründə bu, özünü xüsusilə büruzə verdi. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın fəaliyyətini müsəlman ölkələri görür və yüksək qiymətləndirirlər. Belə olan halda, İranın bu təxribatçı davranışı, təxribatçı bəyanatları əks effekt verəcək, bumeranq effekti yaradacaq, İranın özü üçün ciddi siyasi nəticələrə gətirib çıxaracaq”.

 

Aytəkin Qardaşova

Tarix: 6 Aprel 2023, 14:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin