Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin adından saxta əmr hazırlayan və qadını məscidə işə düzəltmək vədi ilə 4 min manat alan imam müavini vəzifəsindən azad edilib.
Bu barədə Dövlət Komitəsinin yaydığı rəsmi məlumatda bildirilib.
Məlumata görə, cari il aprelin 23-də vətəndaş Minhacəddin Babayev Komitəyə müraciət edərək anası Zənurə Babayevanın Qusar rayonunun Hil kənd məscidində “qadın dini ayinlərin icraçısı” vəzifəsinə təyin olunması ilə bağlı ona təqdim edilən əmrin həqiqiliyinin yoxlanılmasını istəyib.
Sənədin 13 aprel 2026-cı il tarixində hazırlandığı və məscidin imam müavini Amik Hasəliyev tərəfindən təqdim edildiyi bildirilib. Komitənin apardığı araşdırma nəticəsində əmrin saxta olduğu müəyyənləşib.
Bundan başqa, Zənurə Babayeva aprelin 30-da Dövlət Komitəsinə göndərdiyi müraciətdə Amik Hasəliyevin onu həmin məscidə işə düzəltmək vədi ilə 4 min manat aldığını qeyd edib.
Hər iki faktın araşdırılması və hüquqi qiymət verilməsi üçün Dövlət Komitəsi Baş Prokurorluğa müraciət edib.
Komitənin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının apardığı araşdırmanın nəticələri və din xadiminin qanunvericiliyə zidd hərəkətlərə yol verdiyi müəyyən edildikdən sonra Amik Hasəliyev sədrin əmri ilə 12 noyabr 2026-cı il tarixində tutduğu vəzifədən azad olunub.