"Son dövrlərdə həm media, həm də ictimaiyyət tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların özgəninkiləşdirilməsi (alqı-satqısı) zamanı meydana çıxan problemlərlə bağlı suallara çox rast gəlirik. Notariat kontorları kiçik ölçülü (5 ha-dan az) torpaq sahələrinin satılması zamanı qonşuların həmin torpaq sahələrini almaqdan imtina etməsinə dair rəsmi sənəd tələb edir, mülkiyyətçi isə bundan narazı qalır".
Əslində necə olmalıdır, kim haqlıdır, mülkiyyətçi, yoxsa notarius?
Bunu əmlak sahəsi üzrə ekspert Ramin Osmanlı deyib.
O, sözügedən suala belə aydınlıq gətirib:
"Son illər kənd təsərrüfatı təyinatlı torpaqlarla bağlı qanunvericilikdə bir sıra əhəmiyyətli dəyişikliklər edilib. Bunlardan biri də 14 iyul 2026-cı il tarixli 460-VIIQD№ -li "Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə" Qanundur. Qanunun mahiyyəti kənd təsərrüfatı təyinatlı torpaqların daha səmərəli idarə olunması, torpaq sahələrinin həddindən artıq xırdalanmasının qarşısının alınması və torpaq ehtiyatlarından istifadənin optimallaşdırılması ilə bağlıdır. Bu qanunun qəbul olunma zərurəti müstəqilliyin ilk illərində həyata keçirilən torpaq islahatlarının mahiyyətcə doğru olmamaması, torpaq fondundan səmərəli istifadənin vaxtında təhlil olunmadan tez-tələsik verilmiş qərarlarla bağlı olmasıdır.
Yəqin əksəriyyətiniz bu halla rastlaşmısız. İslahat zamanı yaxın qohum, qonşu və ya elə özümüzə uzunluğu 200 metr, eni 5 metr (1000 kv.m. -10 sot) ölçüdə torpaq ayrılıb. Həmin torpaq sahəsinin əkin-biçini aqrotexniki baxımdan ya mümkün deyil və ya iqtisadi baxımdan səmərəsizdir. Və ya yaşayış yerindən 50-60 km uzaqlıqda verilmiş torpaq sahəsi də elə o birinin oxşarıdır. İldə bir neçə dəfə gediş-gəliş xərcləri, gözətçi xərci o torpaqdan götürüləcək potensial gəlirdən daha yüksəkdir. Kəndlinin yeganə yolu bu cür yerləri dəyər-dəyməzinə satıb, bir dərdinə sərf eləməkdən keçir".
Ekspert deyib ki, yeni hüquqi tənzimləmənin əsas istiqamətlərindən biri də kənd təsərrüfatı təyinatlı torpaqların bölünməsi zamanı minimum sahə prinsipinin tətbiqidir:
"Bu yanaşmanın əsas məqsədi kənd təsərrüfatı təyinatlı torpaqların çoxsaylı kiçik sahələrə parçalanmasının qarşısını almaq, iri və iqtisadi baxımdan səmərəli təsərrüfat subyektlərinin formalaşmasına şərait yaratmaqdır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulan "5 hektar tələbi" torpaq sahələrinin özgəninkiləşdirilməsi nəticəsində yaranan yeni torpaq sahələrinin ölçüsü ilə bağlı məhdudiyyət kimi çıxış edir. Burada mühüm bir hüquqi fərqə diqqət yetirilməlidir: 5 hektardan az olan mövcud torpaq sahəsinin satılması ilə torpağın bölünərək daha kiçik sahələrin yaradılması eyni hüquqi əməliyyat deyil. Bu baxımdan 5 hektardan az torpaqların alqı-satqısının avtomatik olaraq qadağan edildiyini söyləmək düzgün olmaz. Sadəcə satış zamanı eyni şərtlər daxilində Mülki Məcəllənin müvafiq maddəsinin (648-1) tələbləri nəzərə alınmaqla sərhədlərdə olan qonşuların üstünlük hüququ qorunmalıdır. Sadə dillə ifadə etsək torpaq sahəsinin mülkiyyətçisi onu satmaq istədikdə qonşu mülkiyyətçilərə torpağı təklif etməlidir. Burada vacib bir məqamı xüsusi vurğulamaq lazımdır ki, qonşu mülkiyyətçilərin üstün satınalma hüququ ilə onların satışa razılıq verməsi tələbi hüquqi baxımdan fərqli anlayışlardır. Qanunvericilikdə nəzərdə tutulan üstünlük hüququ qonşuya torpağın satışını qadağan etmək və ya öz razılığı ilə satışa icazə vermək səlahiyyəti vermir. Bu hüquq ona müəyyən olunmuş şərtlərlə həmin torpağı digər potensial alıcılardan əvvəl əldə etmək imkanı yaradır".