Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hərbi

Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq

Paylaş:
Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq
Bizi Google News-da izləyin

Çağırışaqədərki hazırlıq dövlət əhəmiyyətli fənn olacaq, vətənpərvərlik şüurunu formalaşdırılmasına xidmət edəcək.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə görə, çağırışaqədərki hazırlıq gənclərin Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiə olunmasına hazırlanmasını, onlarda Vətənin müdafiəsinin təmin edilməsinə görə məsuliyyət hissinin və vətənpərvərlik şüurunun formalaşdırılmasını, habelə gələcək hərbi xidmət üçün zəruri olan nəzəri biliklərə, praktiki vərdişlərə və fiziki hazırlığa yiyələnməsini təmin edən tədris prosesidir.Azərbaycan Respublikasının müdafiəsi məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan hər bir gənc çağırışaqədərki hazırlıq prosesində Konstitusiya və digər normativ hüquqi aktların Vətənin müdafiəsi habelə hərbi xidmətkeçmənin hüquqi əsasları ilə bağlı müddəalarını mənimsəməlidir.

Çağırışaqədərki hazırlıq dövründə gənclərdə milli şüurun formalaşdırılması, onların dövlətçilik prinsiplərinə, xalqa və milli-mədəni dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, Vətənin müdafiəsinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaş borcu olmasının şüurlu şəkildə dərk edilməsi təmin olunmalıdır.

Çağırışaqədərki hazırlıq dövründə gənclərin milli müdafiənin əsasları və müasir hərbi-texniki vasitələr, pilotsuz uçuş aparatları, müasir silahlar, elektron mühafizə sistemləri, süni intellekt texnologiyaları, kibertəhlükəsizliyin və informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, mülki müdafiənin təşkili prinsipləri, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış və mühafizə üsulları, habelə ilkin tibbi yardımın göstərilməsi, sağlamlığın və təhlükəsizliyin qorunması, psixoloji dayanıqlılığın gücləndirilməsi, sanitariya-gigiyena qaydalarına əməl olunması barədə zəruri nəzəri biliklərə və praktiki vərdişlərə yiyələnməsi təmin edilir.

Çağırışaqədərki hazırlıq təhsil müəssisələrində dövlət əhəmiyyətli fənn kimi çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən tədris olunacaq.

Qeyd edək ki, ləğv edilən Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinə əsasən, ibtidai hərbi hazırlıq (İHH) gənclərin silahlı qüvvələrdə xidmətə çağırışaqədərki hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Konstitusiya, Silahlı Qüvvələrin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir. İbtidai hərbi hazırlıq tabeçiliyindən və mülkiyyətindən asılı olmayaraq bütün ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində dövlət əhəmiyyətli bir fənn kimi hərbi rəhbər tərəfindən tədris olunur.

Paylaş:

Ən son xəbərlər