Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Alimdən Badamdar - 20-ci sahədəki sürüşmə ilə bağlı XƏBƏRDARLIQ

Paylaş:
Alimdən Badamdar - 20-ci sahədəki sürüşmə ilə bağlı XƏBƏRDARLIQ
Bizi Google News-da izləyin

Bakının Badamdar ərazisində genişlənən torpaq sürüşməsi ərazidəki sakinləri təşvişə salıb. Sürüşmə səbəbindən sakinlərə ərazini tərk etmək tövsiyə olunub. Aparılan növbəti monitorinq zamanı sürüşmə sahəsində çatların əvvəlki müşahidələrə nisbətən daha da genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Prosesin daha geniş sahəni əhatə etməsi ehtimalı yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaratdığı bildirilir.  

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov Pravda.az-a açıqlamasında baş verən sürüşmənin səbəblərini geniş izah edib.


Alim bildirib ki, son aylar yağışlar səbəbindən Abşeron yarımadasında və Azərbaycanın bir sıra rayonlarında sürüşmələrin aktivləşməsi müşahidə edilib: “Bu, tam təbiidir. Xüsusilə, Bakı amfiteatrının cənub-qərb qanadında sürüşmələrin intensivliyi daha yüksək olub. Bunun səbəbi ərazinin təşkil olunduğu gilli, gilli qumlu, əhəng daşlı suxurların üstünlük təşkil etməsidir. Bu suxurlar sürüşməyə kifayət qədər meyillidir. Bu səbəbdən sürüşmələr hava yağıntılı keçdiyi müddətdə fəallaşa bilir. Ərazidə sürüşmələrin fəallaşmasının əsas səbəbi təbii və antropogen amillərdir. Təbii səbəblərə qeyd etdiyimiz kimi, ərazinin dağlıq relyefi, yəni yamacların meyilliliyinin 25 dərəcədən çox olması, digər tərəfdən isə geoloji quruluşda olan özünəməxsusluq, suxurların tərkibi, litoloji quruluş daxildir. Bunların hər biri sürüşmələrə təsir edir”.

M.İsmayılov torpaq sürüşmələrinə əsas səbəb olan antropogen amillərdən də danışıb: “Antropogen amillər son zamanlar kifayət qədər artıb. Yeni yolların çəkilməsi, yollarda təmir işlərinin, genişlənmənin aparılması, yamacların kəsilməsi, yaşayış sahələrinin genişləndirilməsi, yeni evlərin tikilməsi - bütün bunlar sürüşmələr üçün müəyyən zəmin hazırlayır. Belə olan halda, təbii ki, ərazinin landşaft-geomorfoloji şəraitində ciddi dəyişmələr baş verir, təbii bitki örtüyü məhv olur, səth sularının axını təbii normadan kənara çıxır. Antropogen amillə, xüsusilə, dik və sürüşməyə meyilli yamaclarda həyətyanı sahələrə hasarların çəkilməsi daxildir. Əslində, hasarlar səth axınının tamamilə pozulmasına, hasardaxili ərazilərdə müəyyən səth sularının toplanmasına və nəticədə yeraltı axının artmasına səbəb olur. Belə halda, təbii ki, laylararası ilişmə qüvvəsi tamamilə zəifləyir, sürüşmə səthi yaranır. Bu isə layların qısa zamanda ağırlıq qüvvəsi istiqamətində yerdəyişməsinə səbəb olur. Bu da tikintilərə, yollara, evlərə kifayət qədər ziyan vurur”.

Alim bildirib ki, torpaq sürüşməsinə səbəb olan amillərdən qaçmaq da mümkündür: “Ərazidə ciddi şəkildə landşaft-ekoloji şəhər planlaşdırılması işləri aparılmalı, ekoloji mühəndislik tədbirlərinə geniş yer verilməlidir. Belə halda sürüşmələri müəyyən qədər nəzarətə almaq olar. Digər tərəfdən konkret olaraq həm kosmik şəkillərdən istifadə etməklə, həm də coğrafi informasiya texnologiyaları tətbiq etməklə Bakının ayrı-ayrı ərazilərinin sürüşmə risklərini əks etdirən rəqəmsal irimiqyaslı xəritələr hazırlanmalıdır. Bu, şəhər landşaftında gedən dəyişmələri də izləməyə imkan verər. Belə xəritələrdə çox cüzi dəyişmələri belə müşahidə etmək, bəzən əraziyə getmədən də ərazini izləmək mümkündür. Rəqəmsal xəritə sürüşmələri əvvəlcədən görməyə imkan yaradır ki, müəyyən tədbirlər görülsün”.

M.İsmayılov vurğulayıb ki, sonuncu Badamdar-Bayıl sürüşməsi, doğrudan da, ciddi siqnallardan biridir: “Son on-on beş il ərzində bu ərazidə sayı ondan yuxarı kifayət qədər səs salan sürüşmələr müşahidə edilmişdi. Bakının hər hansı ərazisində bu qədər intensiv sürüşmə, demək olar ki, müşahidə edilmir. Sözügedən ərazidə təkcə topraq sürüşməsi deyil, həm də sürüşmə uçqun hissələri olan kifayət qədər ərazilər var. Bu onu göstərir ki, Bakının şəhər landşaftının dayanıqlığı tam deyil, yəni problem var və bu problemi həll etmək lazımdır. Şəhər qısa müddət üçün deyil, uzun müddətli dövr üçün salınır. Buna görə də şəhər landşaftının dayanıqlılığına, onun kənar təsirlərə qarşı dözümlülüyünə, davamlılığına fikir vermək lazımdır. Bu da, qeyd etdiyimiz kimi, sürüşmələrin, sürüşmə uçqunlarının nəzərə alınmasından asılıdır. Digər tərəfdən, sözügedən ərazilərdə sürüşmələrə qarşı tədbirlər genişlənməlidir. Düzdür, ankerlər, istinad divarları, svaylar vurulması kimi tədbirlər həyata keçirilir, lakin bunlar bilavasitə drenaj sistemi ilə müşahidə olunmalıdır. Xüsusilə, yeraltı drenaj sistemi, səth sularını ərazidən daşıya bilən drenaj sistemlərinin yaradılması - bunlar ekoloji mühəndislik, geomorfoloji tədbirlərdir. Bu tədbirlərə də ciddi şəkildə diqqət yetirilməlidir. Həmçinin yaşıllıqların salınmasına kifayət qədər diqqət artırılmalıdır. Yaşıllığın salınmasında az su tələb edən, quraqlığa dözümlü, dərin kök sisteminə malik bitkilər, kollar, ağaclardan istifadə etmək daha əlverişlidir. Bundan əlavə, ərazidə elmi tədqiqat işləri genişləndirilməlidir. Elmi-tədqiqat işləri landşaft-geomorfoloji, landşaft-ekoloji, landşaft planlaşdırılması istiqamətində aparılsa, daha aydın olar. Badamdar - 20-ci sahənin meyilli ərazilərində tikinti işlərinə nəzarət gücləndirilməlidir. Düzdür, həmişə monitorinqlər aparmaq lazımdır, lakin sürüşmə baş verəndən sonra ərazidə görülən işlər artıq gecikmiş işlərdir. Bu işləri vaxtında həyata keçirmək lazım idi”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər