Bakı şəhərinin Nizami rayonunda “Vesta Construction” MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, toplanmış materiallar üzrə “Vesta Construction” MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istinaq materiallarına əsasən Ceyhun Quliyev paytaxtın Nizami rayonu ərazisində, Ş.Mirzəyev küçəsində “Vesta Construction” MMC tərəfindən inşa edilmiş “My Home” yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.