Çin qanunvericiliyinə və yerli idarəetmə qaydalarına əsasən, ictimai yerlərdəki reklam sahələrinin müəyyən bir hissəsi məcburi qaydada sosial reklamlara ayrılır. Uşaqlarda elmə maraq yaratmaq və “əsl qəhrəmanlar bunlardır” mesajını vermək məqsədilə metro stansiyalarında, avtobus dayanacaqlarında, məktəblərin ətrafında və ictimai lövhələrdə ölkənin tanınmış alimlərinin portretləri və nailiyyətləri yerləşdirilir.
Bənzər sosial reklam lövhələrinin Azərbaycanda da quraşdırılıb-quraşdırılmayacağı isə maraq mövzusudur.
Pravda.az-a açıqlama verən marketoloq Samir Mehdiyev deyib ki, bu, əla ideyadır.

O qeyd edib ki, bu, Azərbaycanda da mütləq olmalıdır: “Bu gün uşaq, yeniyetmə məktəbə gedəndə metroda, avtobusda kredit, fast-food və ya bahalı telefon reklamları görür. Şüuraltına yeriyir ki, əsl uğur budur. Onların yerinə Lütfi Zadənin, Yusif Məmmədəliyevin və ya xaricdə uğur qazanan gənc mühəndislərimizin şəkillərini təqdim etsək, uşaqlarda elmə həvəs oyanar. Amma marketoloq kimi deyim ki, bunu köhnə üsulla, darıxdırıcı "Şərəf lövhəsi" kimi eləsək, heç kim baxmayacaq. Müasir uşağa alimi "superqəhrəman" kimi göstərmək lazımdır. Məsələn, lövhədə yazılmalıdır ki, "Sənin əlindəki telefonun beyni bu alimin kəşfi ilə işləyir". Yanına da bir QR kod qoyursan, uşaq oxudub həmin alim haqqında maraqlı bir animasiyaya və ya oyuna baxır”.
S.Mehdiyev bildirib ki, pul məsələsində metro və dayanacaqlar reklam bazarının strateji yerlərindən sayılır: “Dövlət oranı pulsuz götürsə, reklam şirkətləri zərər edər. Dünya təcrübəsində də bu yükü təkcə reklam agentliklərinin çiyninə atmırlar. Dövlət sosial reklam kvotası ayıran şirkətlərə vergi güzəştləri tətbiq edə bilər və ya daha ağıllı bir marketinq gedişi ilə özəl sektoru bu işə ortaq edə bilər. Məsələn, ölkənin iri bankları, mobil operatorları və ya texnologiya şirkətləri Korporativ Sosial Məsuliyyət (KSM) büdcələri hesabına bu lövhələri maliyyələşdirə bilərlər. Bu halda həm dövlət büdcəsindən əlavə pul çıxmır, həm reklam agentliyi öz pulunu qazanır, həm də özəl şirkət cəmiyyət qarşısında öz imicini gücləndirir. Uzunmüddətli perspektivdə bu addımın ölkə iqtisadiyyatına maliyyə təsiri mənfi yox, əksinə, çox müsbət olacağını deyə bilərəm. Bu gün reklam lövhəsindən kəsilən 10-15 faizlik kommersiya gəliri, sabah ölkəyə texnologiya, innovasiya və savadlı insan kapitalı kimi qayıdır, bu həm də həmin şirkətlərin gələcəkdə savadlı kadr tapmaq problemini də həll edir. Xaricdən çox çox daha baha qiymətə və xarici valyuta ilə əmək haqqı vermək yerinə öz yerli və milli "sərvət"lərimizdən istifadə edilə bilər”.
Şəhanə Qədirli