Milli Məclisin plenar iclasında Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov mülkiyyətin dövlət ehtiyacları üçün alınması prosesinin ədalətli prinsiplərə əsaslanmasının vacibliyini bildirib.
Pravda.az "Yeni Sabah"a istinadla xəbər verir ki, konstitusiyada dövlət, özəl və bələdiyyə mülkiyyəti olmaqla mülkiyyətin üç formasının təsbit edildiyini xatırladan komitə sədri xüsusilə bələdiyyə mülkiyyətinin hüquqi qorunması məsələsinə diqqət çəkib.
Onun sözlərinə görə, dövlət ehtiyacları bələdiyyə mülkiyyətinə daxil olan əraziləri əhatə etdikdə, bələdiyyə mülkiyyətinin konstitusion hüquqları mütləq nəzərə alınmalıdır, çünki heç bir qanun Konstitusiyadan üstün ola bilməz. S.Novruzov layihədə məsələnin ədalətli şəkildə həll olunacağının qeyd edildiyini vurğulayaraq, bu ədalət prinsipinin konkret meyarlarının və kompensasiyanın ödənilmə qaydalarının dəqiq müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.
“Dövlət ehtiyacları” anlayışının hüquqi çərçivəsinin dəqiqləşdirilməsinə ehtiyac olduğunu deyən parlamentari hava limanı, yol və digər infrastruktur layihələri ilə yanaşı, gələcəkdə bələdiyyə torpaqlarının müxtəlif adlar altında siyahıya salınaraq ədalətsiz kompensasiya müqabilində alınması risklərinə toxunub. Komitə sədri bu kimi sui-istifadə hallarının qarşısını almaq üçün qanunvericilikdəki qeyri-müəyyənliklərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.