Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Hadisə

Cahangir Hacıyevin gözləri şişib, görmə qabiliyyəti zəifləyib – Bacısı Prezidentdən kömək istəyir - FOTO

Paylaş:
Cahangir Hacıyevin gözləri şişib, görmə qabiliyyəti zəifləyib – Bacısı Prezidentdən kömək istəyir - FOTO
Bizi Google News-da izləyin

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin səhhətində ciddi problemlər yarandığı iddia edilir.

Pravda.az Gununsesi.info-ya istinadla xəbər verir ki, onun bacısı Əminə Hacıyeva qardaşının sağlamlıq vəziyyəti və saxlanıldığı müəssisədə tibbi xidmətin təşkili ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Əminə Hacıyeva müraciətində bildirib ki, uzun müddətdir müvafiq qurumlara etdiyi şikayətlər nəticəsiz qalır və qardaşına lazımi tibbi yardım göstərilmir.

“Artıq il yarımdır ki, Cahangirdə naməlum mənşəli səpkilər yaranır, ətrafları və üzü şişir. Hazırda hər iki gözü şişərək görmə qabiliyyətinin qismən itirilməsinə səbəb olub”, – deyə o, müraciətində qeyd edib.

Bacısının sözlərinə görə, həkimlər Cahangir Hacıyevdə neyrodermit xəstəliyindən şübhələnsələr də, müvafiq müalicə aparılmır.

Eyni zamanda, ailənin ixtisaslı tibbi yardım göstərilməsi üçün dəvət etdiyi həkimlərin onun yanına buraxılmadığı bildirilir.

Əminə Hacıyeva qardaşının son iki ay ərzində ürək-damar sistemi ilə bağlı da ciddi problemlər yaşadığını iddia edib.

“Ürəyin fəaliyyətində çatışmazlıq, güclü aritmiya, arterial təzyiqin kəskin dəyişməsi və nəbzin kritik dərəcədə aşağı düşməsi müşahidə olunur. Təcili tibbi yardım briqadası üç dəfə müəssisəyə çağırılıb”, – deyə müraciətdə vurğulanıb.

O, Cahangir Hacıyevin uzunmüddətli və hərtərəfli müayinəyə ehtiyacı olduğunu, xüsusilə ürək damarlarının diaqnostikası – koronoqrafiyanın təcili aparılmasının vacibliyini bildirib.

Müraciət müəllifi tibb müəssisəsində lazımi şəraitin olmadığını, tibbi personalın iş rejimində problemlər yaşandığını və təcili tibbi müdaxilə üçün dərman ehtiyatının saxlanılmadığını da iddia edib.

Əminə Hacıyevanın bildirdiyinə görə, qardaşı Hashimoto sindromu, aorta anevrizması, hipoksiya və digər xroniki xəstəliklərdən də əziyyət çəkir.

O, Baş Tibb İdarəsinin rəhbərliyi ilə keçirdiyi görüşlərin nəticəsiz qaldığını, Ədliyyə naziri ilə görüşmək üçün isə imkan yaradılmadığını qeyd edib.

“Bütün bunlar isə barakların həddindən artıq dolu olduğu şəraitdə baş verir”, – deyə Əminə Hacıyeva saxlanma şəraitinə də diqqət çəkib.

Müraciətinin sonunda Prezident İlham Əliyevdən məsələyə müdaxilə etməsini xahiş edən Hacıyeva yaranmış vəziyyətin həlli üçün dövlət başçısının şəxsi iştirakına ehtiyac olduğunu bildirib:

“Hörmətli cənab Prezident, Sizin köməyinizə ümid edirəm, çünki yaranmış vəziyyətin həllinə yalnız Sizin şəxsi iştirakınız kömək edə bilər”.

Qeyd edək ki, Cahangir Hacıyev 2001–2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, bankda baş vermiş maliyyə pozuntuları ilə bağlı cinayət işi üzrə məhkum edilib. 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əvvəlki cəzası da nəzərə alınmaqla 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

Ən son xəbərlər