Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Bakıda 184,8 minlik "Alpen Gold" və "Oreo" yükünü Rusiyaya aparıb satan şəxsin cinayət işinin DETALLARI

Paylaş:
Bakıda 184,8 minlik "Alpen Gold" və "Oreo" yükünü Rusiyaya aparıb satan şəxsin cinayət işinin DETALLARI
Bizi Google News-da izləyin

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və saxta sənəd hazırlamada təqsirləndirilən Bəhruz Kərimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanova sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, Bəhruz Kərimov şəxsiyyəti istintaqla müəyyən edilməyən və Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərində yaşayan şəxslə qabaqcadan əlbir olaraq cinayət törətmək barədə razılaşıb.

Belə ki, 2026-cı il tarixli müqaviləyə əsasən, Gürcüstanın Tbilisi şəhərində yerləşən “OOO Mondelez International” şirkətindən Özbəkistanın Daşkənd şəhərinin Çilanzar rayonunda yerləşən şirkətə göndərilməsi nəzərdə tutulan müxtəlif yeyinti məhsullarının daşınması həyata keçirilib.

Daşınması nəzərdə tutulan yükün içərisində 15 081,56 kiloqram “Alpen Gold” markalı şokolad olub. Həmin məhsulun dəyəri 93 626 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 159 164,20 manat təşkil edib.

Yükə həmçinin 4 255,2 kiloqram “Oreo” markalı peçenye daxil olub. Bu məhsulun dəyərinin isə 15 115,6 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 25 679,52 manat olduğu göstərilir.

Beləliklə, yükün ümumi dəyəri həmin dövrün məzənnəsi ilə 184 843,72 manat təşkil edib.

İttihama görə, yükün daşınması “Bene Group” LTD-nin şirkətlərdən birinə verdiyi sifariş əsasında həyata keçirilib. Məhsulların Gürcüstandan Azərbaycan ərazisinə gətirilməsi, Bakı-Ələt dəniz limanı vasitəsilə tranzit qaydada Qazaxıstan ərazisindən keçməklə Özbəkistana çatdırılması nəzərdə tutulub.

Təqsirləndirilən şəxsin isə MMC-yə xidmət göstərən şəxs kimi öz qulluq mövqeyindən istifadə etdiyi, “Bene Group” LTD-nin səlahiyyətli nümayəndəsi Köçəri İsmayılovun ona olan etibarından sui-istifadə edərək yükün təyinat yerinə çatdırılacağı barədə yalan vəd verdiyi qeyd olunur.

İttihama əsasən, 2026-cı il tarixdə yük cinayətdən xəbəri olmayan sürücünün idarə etdiyi “DAF” markalı avtomobil və ona məxsus qoşqu ilə Tbilisidə yerləşən “OOO Mondelez International” şirkətinin anbarından qəbul edilib. Həmin yük Sumqayıt şəhərində yerləşən TIR parkına gətirilib. Həmin vaxt yük üzərində sərəncam vermək hüququnu əldə edən Bəhruz Kərimov sonradan marşrutu qəsdən dəyişib.

O, yükü nəzərdə tutulan istiqamətə – Bakı-Ələt dəniz limanı vasitəsilə Qazaxıstandan tranzit keçməklə Özbəkistana göndərmək əvəzinə, “DAF” markalı avtomobili və qoşqunu digər sürücü şahid4-ə həvalə edib.

Daha sonra yük Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük məntəqəsindən keçirilib və Rusiya Federasiyasının ərazisinə aparılıb. Yük Dağıstan Muxtar Respublikasının Maxaçqala şəhərində Bəhruz Kərimovun qabaqcadan əlbir olduğu və şəxsiyyəti istintaqa məlum olmayan şəxsə çatdırılıb və onun satışı təşkil edilib.

Beləliklə, “Bene Group” LTD-yə 184 843,72 manat məbləğində külli miqdarda ziyan vurulduğu bildirilir.

İttihama görə, təqsirləndirilən şəxs törətdiyi cinayəti gizlətmək məqsədilə daha sonra saxta sənəd hazırlayıb. 

Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Coffeemania” restoranında olarkən mobil telefondan “PDF” proqramı vasitəsilə sənəd hazırlayıb. Firmaya aid hüquqverici rəsmi sənəd blankından istifadə edilməklə hazırlanmış həmin sənəddə yükün Ələt limanı vasitəsilə Qazaxıstanın “Kurik” dəniz limanına göndərilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar əks etdirilib. 

Sənədin rekvizitlərinin dəyişdirilməsi yolu ilə yükün adı, tarixi, çəkisi, qiyməti və digər məlumatların saxtalaşdırıldığı bildirilir.

Daha sonra Bəhruz Kərimovun həmin saxta sənədi Köçəri İsmayılova “WhatsApp” mobil tətbiqi vasitəsilə göndərdiyi və bununla da bilə-bilə saxta sənəddən istifadə etdiyi qeyd olunur.

Beləliklə, təqsirləndirilən şəxs bir tərəfdən külli miqdarda əmlakı ələ keçirib zərərçəkmiş şirkətə ciddi maddi ziyan vurub, digər tərəfdən isə cinayətin izlərini gizlətmək məqsədilə yükün guya müəyyən edilmiş marşrut üzrə daşınması barədə saxta sənəd hazırlayaraq istifadə edib.

Məhkəmədə Bəhruz Kərimov ilkin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

O dindirilərkən deyib ki, yükü Oqtay adlı şəxsdən götürüb və sürücü tanışı Elnura həmin malların aparılmasını tapşırıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Köçəri adlı şəxsi ümumiyyətlə tanımayıb. Elnurun Rusiyaya girişinə maneə yarandığı üçün malları daşıyan sürücü sonradan dəyişdirilərək Sərvan olub.

Bəhruz malları mənimsəmək niyyətinin olmadığını bildirib.

O, daşıma ilə əlaqədar Elnura 1500 ABŞ dolları verildiyini, dispetçerlik fəaliyyətinə görə isə ona 500 dollar məbləğində pul göndərildiyini deyib. Həmin pulun ona əlbəəl verilmədiyini qeyd edib.

Bəhruz Kərimov saxtalaşdırdığı qeyd olunan sənədi “BENE” Group” LTD-nin səlahiyyətli nümayəndəsi Köçəri İsmayılova göndərməsi barədə ittihamı da qəbul etməyib. Söyləyib ki, Köçərinin telefon nömrəsi ümumiyyətlə onda olmayıb.

Onun sözlərinə görə, bu işdə iştirakı yalnız yükün verilməsindən ibarət olub və avtomobil də onun adına olmayıb.

Təqsirləndirilən şəxs əlavə edib ki, hər hansı sənədi saxtalaşdırmış olsa belə, bunu kamera qarşısında etməzdi. O, Elnurun Şüvəlana gəlməsinin gediş haqqının verilməsi ilə bağlı olduğunu, avtomobil Sumqayıtda olsa da, ittihamda göstərildiyi kimi Sərvanın maşını ondan Xırdalan şəhərində təhvil aldığını və daha sonra Rusiyaya getdiyini bildirib.

Bəhruz Kərimov Sərvanın Rusiyada tanışlarının olduğunu söyləsə də, həmin şəxsləri tanımadığını qeyd edib və hər hansı mal təhvil almadığını deyib.

Növbəti məhkəmə iclasında isə Bəhruz Kərimov mövqeyini dəyişərək özünü təqsirli bildiyini qeyd edib. O, cinayəti təkbaşına törətmədiyini, İlham və İsmayıl adlı şəxslərin də hadisədə iştirak etdiyini bildirib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, İlham işlərin qaydaya düşməsinə kömək edib, İsmayıl isə cinayətin törədilməsini təklif edib və o, bu təkliflə razılaşıb. Bəhruz Kərimov bildirib ki, iş üzrə təxminən 50 000 ABŞ dolları məbləğində qazanc əldə ediblər.

Onun sözlərinə görə, həmin vəsait hesabına avtomobil almaq üçün İlhamla danışıb. Daha sonra avtomobillərin satılaraq borcun ödənilməli olduğunu deyib.

Təqsirləndirilən şəxs İlhamın bu məsələ ilə bağlı tapşırıq aldığını, lakin sonradan avtomobillərdən birinin İlhamın qohumunun adına keçirildiyini öyrəndiyini bildirib.

Bəhruz Kərimov şokoladların ələ keçirilməsində İlham və İsmayıl adlı şəxslərlə əlbir olduqlarını söyləyib.

O bildirib ki, mallar Rusiyaya göndərilib, 50 000 ABŞ dollarına satılıb, əldə olunan vəsaitin bir hissəsi həmin şəxslərdə qalıb, digər hissəsi isə avtomobillərin alınmasına xərclənib.

Təqsirləndirilən şəxs həmin şəxslərin də məsuliyyətə cəlb edilməsini xahiş edib.

Bəhruz Kərimov saxta sənəd hazırlamadığını, həmin sənədi İsmayılın hazırladığını deyib. Bununla belə, sənədi “WhatsApp” qrupuna özünün göndərdiyini etiraf edib.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər