Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Siyasət

Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - FOTO

Paylaş:
Bakıda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - FOTO
Bizi Google News-da izləyin

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili geniş tərkibdə görüş keçiriblər.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin bütün spektri, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.

Nazirlər iki ölkə arasında tarixi əlaqələr, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüşdə iqtisadi və ticarət əlaqələrinə, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, ikitərəfli ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirilib.

Enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub. Tərəflər təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Xəzər dənizi–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər Orta Dəhlizin regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində strateji rolunu qeyd edib, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.

Görüşdə turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində insanlararası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti də vurğulanıb.

Regional əməkdaşlıq məsələləri çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının əhəmiyyəti qeyd edilib. Tərəflər Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracına başlanılması barədə qarşı tərəfə məlumat verib. Gürcüstanın bu prosesə töhfəsi yüksək qiymətləndirilib.

Nazir həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və inkişaf işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə məlumat verib.

Paylaş:

Ən son xəbərlər