İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti saxta mühərrik yağlarının satışına görə 2 şirkət – “AUTODOC AS COMPANY” MMC (VÖEN - 1007518581) və “VIKSON AZ SERVİS” MMC (VÖEN – 1604302471) barəsində araşdırmalar aparır. Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, idxalı və satışı həyata keçirilən mühərrik yağlarının qablaşdırılmasının üzərində istehsalçısı və mənşə ölkəsi barədə yanlış məlumatlardan, habelə həmin məhsullara uyğun olmayan marka adlarından istifadə edilməsi əlamətləri üzrə araşdırılma aparılır.
Araşdırma zamanı “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin ikinci və beşinci abzaslarının tələblərinin pozulması əlamətləri aşkar olunaraq şirkətlər barəsində iş qaldırılıb.
Bildirilir ki, işlərə 10 və 17 aprel tarixlərində baxılacaq.
Məlumat üçün qeyd edək ki, qanun pozuntusuna yol verdiyi ehtimal olunan “VIKSON AZ SERVİS” MMC 18.02.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Məşədi Hilal Kazımov, ev 40-da yerləşir. Bu şirkətin hazırda dövlət büdcəsinə 2 min 616 manat 41 qəpik vergi borcu da var.