Son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də 3 saylı uşaq evində baş verən olaylardır. 73 yaşlı direktor Məhbubə Hüseynovanın ölçüyə və əndazəyə sığmayan əməlləri ictimaiyyətin sərt qınağına tuş gəlib.
Halbuki, direktorun uşaq evinin sakini M.H. ilə aralarında baş verən insident ilk hadisə deyil.
73 yaşlı Məhbubə Hüseynovanın qanunsuz əməlləri ilə bağlı Bizim.Media hələ ötən il həyəcan siqnalı verib, onun törətdiyi əməllərlə bağlı foto-videofaktları ictimaiyyətə təqdim edib.
Hələ 2022-ci ilin 16-17 iyul 2022-ci il tarixlərində saytda dərc olunan yazılarda uşaq evində baş verən qanunsuzluqlar və özbaşınalıqlar barədə faktların dili ilə ətraflı söhbət açılmışdı.
Lakin bütün səsləndirilən faktlara rəğmən, 73 yaşlı direktor barədə ciddi cəza tədbirləri görülmədi. Nəticədə isə ötən həftə uşaq evində daha bir özbaşınalığa ölkə şahidlik etdi. 17 yaşlı oğlanı davranış pozuntusu səbəbilə psixiatriya xəstəxanasına yerləşdirən direktor etdiyi hərəkətlərdən vicdan əzabı çəkmək əvəzinə mətbuata bəyan etdi ki, “M.H. psixi xəstədir, onun burada yeri yoxdur”.
Halbuki, M.H.-nin yerləşdirildiyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov müayinədən sonra bildirdi ki, M.H.-nin heç bir psixi pozğunluğu yoxdur.