Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ regional “ASAN xidmət“ mərkəzində olublar.
Pravda.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verdi.
Prezident İlham Əliyevin iştirakı ilə 2016-ci ilin avqustun 10-da açılışı olan Mərkəz müvafiq sahələr üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir. Yeddi illik fəaliyyəti dövründə regional mərkəzə ümumilikdə bir milyona yaxın vətəndaş müraciəti daxil olub. Eyni zamanda, səyyar “ASAN xidmət” avtobusu vasitəsilə 220 mindən çox vətəndaş müraciəti qəbul edilib. Burada gündəlik orta müraciət sayı 1000-ə yaxındır.
Qəbələ regional “ASAN xidmət” mərkəzində indiyədək 673 könüllü fəaliyyət göstərib. Ötən dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.
Tanışlıq zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Qeyd olunub ki, hazırda 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.