Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.
Pravda.az xəbər verir ki, dövlət başçısı İlham Əliyevi salamlayan Prezident Kasım-Jomart Tokayev deyib:
-Hörmətli İlham Heydər oğlu.
Əziz dostlar.
Əsrlər boyu bizi sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır. Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin olub. Biz qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıyıq. Bu, bizim ümumi məqsədimizdir.
Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir. Bizdə sanballı müqavilə-hüquqi baza formalaşıb. Artıq 90-dan çox sənəd imzalanıb.
Keçən il biz strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, habelə 2026-cı ilə qədər olan dövrdə əməkdaşlığın inkişafına dair kompleks proqram imzalamışıq. Bu gün də bir sıra mühüm sənədlər qəbul ediləcək. Bundan əlavə, Sizin səfəriniz çərçivəsində biz Ali Dövlətlərarası Şuranın təsis olunmasını təsbit edəcəyik. Bu, şübhəsiz ki, ikitərəfli münasibətlərə güclü təkan verəcək.
Ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətimizin əhəmiyyətli dərəcədə irəliləməsini məmnuniyyətlə qeyd etmək istərdim. Bu gün qeyd etdiyimiz kimi, əmtəə dövriyyəsi 40 faiz artıb və yarım milyard dollara çatıb. Fikrimcə, bu, sanballı nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam surətdə açıldıqca biz bu göstəricini bir milyard dollara çatdıra bilərik. Bundan ötrü energetika, nəqliyyat, logistika, IT, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var.
Mədəni-humanitar əlaqələr durmadan möhkəmlənir. Burada bizim milliyyətcə azərbaycanlı olan 130 min vətəndaşımız əsas əlaqələndirici vəsilə kimi çıxış edir və onların bir hissəsi, bəlkə də kiçik bir hissəsi bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışında iştirak edəcək. Biz onları məxsusi dəvət etmişik.
İki ölkənin mədəniyyət ongünlüklərinin keçirilməsi barədə razılaşmanı xüsusi vurğulamaq istəyirəm. Qazaxıstan mədəniyyət günləri artıq bu il keçiriləcək. Bu gün biz hörmətli Azərbaycan Prezidenti ilə birlikdə görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin adını daşıyan küçənin açılışını edəcəyik. Bu hadisəni Azərbaycan xalqının böyük oğlunun 100 illiyinə həsr edəcəyik.
Bu gün Heydər Əliyev haqqında “Əziz ömür” – “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Təbii ki, bu film bizim tapşırığımıza əsasən Qazaxıstan Teleradio Korporasiyası tərəfindən çəkilib. Qazax xalqının Azərbaycana hədiyyəsi – Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimizin səmimi dostluğuna və qarşılıqlı dəstəyinə daha bir parlaq sübutdur. Mənə bildiriblər ki, bu obyektin tikintisi kifayət qədər sürətlə həyata keçirilir. Fikrimcə, lap yaxın vaxtlarda biz bu obyektin fəaliyyətə başlamasını görə biləcəyik. Biz bundan sonra da hərtərəfli humanitar əlaqələri hər vasitə ilə inkişaf etdirmək, ortaq mənəvi-mədəni dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizinlə məhdud tərkibdə danışıqlarda bizim gündəlikdəki bəzi aktual mövzuları ətraflı müzakirə etdik, dövlətlərimizin qarşılıqlı fəaliyyətinin yeni artım nöqtələrini müəyyənləşdirdik, beynəlxalq strukturlar çərçivəsində dialoqun möhkəmləndirilməsinə dair fikir mübadiləsi apardıq. Bütün bu məqamlar bizim bu gün imzalayacağımız birgə bəyanatda müvafiq şəkildə əks olunacaq.
Bir daha əmin olduğumu bildirirəm ki, Sizin Qazaxıstana səfəriniz böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu səfər ölkələrimiz arasında müttəfiqlik qarşılıqlı münasibətlərinin inkişafına güclü təkan verəcək. Sözü Sizə vermək istərdim.
X X X
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Kasım-Jomart Kemeliviç.
İlk növbədə, dəvətə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Mən yenidən qardaş Qazaxıstan torpağında olmağıma və Sizinlə dialoqumuzu davam etdirməyə çox şadam. Keçən ilin avqust ayında Sizin Azərbaycana səfəriniz barədə yaxşı xatirələrim var. Bu gün biz Sizinlə ilk görüşümüzdə məmnuniyyətlə qeyd etdik ki, qəbul etdiyimiz qərarlar həyata keçirilir. Əminəm ki, mənim Qazaxıstana səfərim çərçivəsində qəbul edəcəyimiz qərarlar da reallaşacaq.
Heydər Əliyevin xatirəsinin ehtiramla yad edilməsinə, Qazaxıstan paytaxtının mərkəzi küçələrindən birinə onun adının verilməsinə, Siz mənim atamın və Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsini ehtiramla yad etdiyinizə görə bir daha öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim.
İşğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilməsi barədə Sizin şəxsi qərarınıza görə də təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi həqiqətən çox sürətlə gedir və fürsətdən istifadə edib Sizi bu mərkəzin açılışı mərasiminə dəvət etmək istəyirəm. Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur.