Bakı Ağ Şəhərdə "Diplomat 2008” MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşmamasından və mənzillərin təhvil verilməməsindən şikayət edirlər. Onlar, əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər.
Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.
Müraciətdə bildirilir:
"Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan "Diplomat 2008” MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. "Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər səkinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin, tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib.
"Diplomat 2008” MTK-nın sədri Elxan Azayev işlərin yekunlaşacağı və mənzillərin təhvil veriləcəyi ilə bağlı biz sakinlərə son 5 ildə dəfələrlə yalan vədlər verib. Elxan Azayev sonuncu dəfə 23 yanvar 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin binasında bizimlə görüşərək binada bütün işləri ən geci 1 ay ərzində, yəni 23 fevral 2023-cü il tarixinədək yekunlaşdıracağını və mənzilləri sakinlərin yaşaması üçün tam hazır şəkildə təhvil verəcəyini bildirib. Son 5 ildə olduğu kimi, bu dəfə də Elxan Azayev bizi aldadıb, üzərinə düşən öhdəlikləri icra etməyib, binadakı işləri tamamlamayıb.
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Elxan Azayev tərəfindən 9 il əvvəl tikintisinə başlanılmış binanın eyvanlarında işlər tamamlanmayıb, binada abadlıq işləri yekunlaşdırılmayıb, mənzillərin giriş qapıları qoyulmayıb, binanın 3 fazalı elektirik xətti birləşdirilməyib, layihədə olmasına baxmayaraq binaya generator qoyulmayıb, liftlər işlək vəziyyətə gətirilməyib, binaya qaz verilməyib və s.
Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq, binada işləri yekunlaşdırmaqda maraqlı deyil".
Məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə qədər müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayıb.
Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya "Diplomat 2008” MTK-nın qanunsuz əməllərinə göz yumur".
Sayt iddialar ilə əlaqədar olaraq "Diplomat 2008” MTK-nın sədri Elxan Azayev ilə əlaqə saxlayıb. Elxan Azayev bildirib ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəblərindən gecikir:
"Bizdən asılı olan və asılı olmayan səbəblər var idi. Hazırda heç bir səbəb yoxdur, təhvil-təslim prosesi gedir. 4 ildir mənzillərin təhvilinin gecikməsinin səbəblərindən birincisi yeni növ koronavirus pandemiyası ilə bağlı olaraq ölkəmizdə tətbiq edilmiş karantin rejimləri olub. İki il yarım karantin rejimləri tətbiq edildi - tərpənmək olmurdu, küçəyə icazə ilə çıxırdıq. Bunları unutmaq olmaz.
Bizdən asılı olmayan - Ağ Şəhər ilə bağlı məsələ var idi. Orada yanaşma bir az düzgün deyildi. Bunu məqalədə qeyd etməyə də ehtiyac yoxdur.
Maliyyə çətinliyi də oldu. Sizə şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər. Mən də sual verirəm: "Siz borcunuzu cədvəl üzrə ödəmirsinizsə, o zaman mən nə etməliyəm?! Alıcılar ödənməyən borcların təhvilin gecikməsinə görə kompensasiya olaraq silinməsini istəyirlər" .