Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar məlum olub.
Həkimin qardaşı Elçin Vəliyevin məlumatına görə, hadisənin baş verdiyi gün - 2022-ci il iyunun 27-də səhər saat 05:54-də Xalidə Kəngərli qohumuna "WhatsApp” vasitəsilə 4 mesaj yazaraq sonradan silib. Səhər 09:18-də Xalidə Kəngərliyə silmiş olduğu SMS-lər barədə sual edən qohumuna cavabında o artıq bacarmadığını, yoldaşının yenə içdiyini, ona səhərə qədər işgəncə verərək ləyaqətini alçaltdığını deyib. Dəfələrlə başına vurulan zərbələrdən sağlamlıq halının pisləşdiyindən gileylənib.
Bundan əlavə yazıb ki, əri onu öldürəcək, uşaqlar yatıb, artıq geri dönüş yoxdur. Xalidə Kəngərli qohumuna yazdığı mesajda yoldaşının çox bic olduğunu deyib. Əlavə edib ki, gecə halı pis olub, ürəyi sıxılmağa başladığı an əri onun başının üstündə durub danışıb. Daha sonra yoldaşının içdiyini və yatdığını görüb, lakin Rüfət Kəngərlinin sonradan onu oyadaraq işgəncələr verdiyini bildirib.