Baş verənlərdə əsas məqam budur və proseslər hədəfin daha genişmiqyaslı olduğunu göstərir. İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirmək olar:
Birincisi, sərhədin delimitasiyasının qarşısını almaq;
Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi, etirazın mühəndis işlərinin aparıldığı vaxt etməyə başlaması idi.
Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd bu gün baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.
İkincisi, masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaq;
Hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır:
- 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündə formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;
- Üçtərəfli razılaşmalarda üzərində götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;
- Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının "Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasında zəmin yaradır: Laçın yolu məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunu daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;
Üçüncüsü, Rusiyanın yerini yeni iştirakçılarla doldurmaq;