“Azərbaycanlı deputatlarla erməni deputatların görüşü üçün münbit şərait olmalıdır. Aprelin 11-də Ermənistan Silahlı Qüvvələri sərhəddə təxribat törətdi. Münasibətlərdə çox ciddi gərginlik yarandı. Hər iki tərəfdən həlak olanlar var. Azərbaycanlı deputatlarla erməni deputatların, yaxud vətəndaş cəmiyyətinin digər üzvlərinin görüşünün keçirilməsinə normal baxıram. Gec-tez bu, baş verməlidir. Düşmənçiliyi əbədi olaraq apara bilmərik, aparmağımız doğru deyil. Ancaq görüşlər üçün münbit zəmin, sakit şərait olmalıdır ki, danışıqların mövzusu sülh şəraitində keçsin, sülhə, xalqların barışığına xidmət etsin. Amma indiki vəziyyətdə azərbaycanlı deputatlarla erməni deputatların görüşü o qədər də real görünmür”.
Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat “ermənilərin ötəngünkü təxribatları olmasaydı, azərbaycanlı və erməni deputatların görüşü planlaşdırılırdımı?” sualına isə belə cavab verib:
“Ümumiyyətlə, istənilən müharibələrin sonu sülhlə, danışıqlar yolu ilə nəticələnir. Sülh müqaviləsi imzalansa, təbii ki, xalqlar arasında yaranmış düşmənçiliyi, nifrət hissini azaltmaq üçün deputatların, yaradıcı təşkilatların nümayəndələrinin, şairlərin, yazıçıların, bəstəkarların, rəssamların, incəsənət adamlarının, ümumilikdə vətəndaş cəmiyyətinin bütün institutlarının nümayəndələrinin görüşməsi normaldır. Bu, xalqlar arasında yaranmış gərginliyin, düşmənçiliyin aradan götürülməsi üçün vasitə kimi qəbul oluna bilər. Hər şeyi siyasətçilərin üzərinə atmaq lazım deyil. Bu, variantlardan biri ola bilər. Amma bunun üçün sülh müqaviləsi bağlanmalı, tərəflər bir-birilərinin ərazi bütövlüyünü tanımalıdırlar. İndiki halda ermənilər bundan maksimum yayınırlar. Erməni cəmiyyətində kifayət qədər revanşist, millətçi qüvvələr, daşnaklar var ki, onlar daxildə hakimiyyətlərinə təzyiq göstərirlər. Həm də erməni diasporuna heç bir halda sülh müqaviləsinin bağlanması sərf etmir. Onlar buna biznes, varlanmaq məqsədilə baxırlar. Yəni sülh müqaviləsinin bağlanması əks qüvvələrə sərf etmir”.
Aytəkin Qardaşova