Külli miqdarda mənimsəmə və vergiləri ödəməkdən yayınmaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilmiş "Güllübulaq” (indiki ERBİ-H) MMC-nin keçmiş rəhbəri Füzuli Adıgözəlov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində şikayət qismən istintaq aparılmaqla yenidən araşdırılıb.
Təqsirləndirilən şəxsin vəkili şikayəti əsaslandırarkən müvəkkili barəsindəki ittihamlarda dəqiq və inandırıcı dəlil və sübutlar olmadığını, birinci instansiya məhkəməsinin hökmünün əsassız olduğunu deyib. Vəkil çıxışında müvəkkilinin zərərçəkmiş qismində tanınmış şirkətin rəhbəri olduğunu xatırladaraq onun öz şirkətindən "oğurluq etməsinin” real görünmədiyini deyib.
Hakim İbrahim İbrahimlinin sədrlik etdiyi məhkəmə heyəti müdafiə tərəfinin çıxışlarını, apellyasiya şikayəti dəlillərini tədqiq etdikdən sonra təqsirləndirilən şəxsin bəraətinə qərar veriblər. Füzuli Adıgözəlov günahsız elan olunaraq dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qərarda bəraət almış şəxsin maddi və mənəvi ziyana görə iddia qaldırmaq hüququ olduğu qeyd olunub.