İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti, təxribatları, mənfur əməlləri davam edir. İran rəhbərliyi səfirliyimizdə yanvarın 27-də törədilən, mühafizə xidmətinin rəisi Orxan Əsgərovun qətlə yetirilməsi, iki əməkdaşın isə hücumun qarşısını alarkən yaralanması ilə nəticələnən terror aktına görə Azərbaycandan üzr istəmək əvəzinə, ölkəmiz əleyhinə yeni-yeni planlar qurur. Azərbaycana zərər vurmaq üçün bütün vasitələrə əl atır. Səfirliyimizdə törədilən terror aktı da molla rejiminin ölkəmizə qarşı uzun müddətdir davam edən xain, mənfur siyasətinin nəticəsi idi.
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar bir müddətdir ki, davam edir. Hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində bir neçə şəbəkə ifşa olunub, saxlanılanlar var. Onlar arasında Əhli-Beyt şairləri və məddahlar da var.
Sosial şəbəkələrdə bu mövzuda keçmiş meyxanaçı, məşhur məddah və Əhli-Beyt (ə) şairi olan Elşən Xəzərin də adını hallandıranlar az deyil.