Ermənistanın baş naziri Nikol Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı Laçın istiqamətində baş vermiş son təxribatda məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atması, Azərbaycanı Praqa və Soçi görüşləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmaqda təqsirləndirməsi tamamilə əsassızdır və qəbuledilməzdir.
Pravda.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş naziri Paşinyanın 13 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı şərhində deyilir.
“Avropa İttifaqının bir gün əvvəlki bəyanatına istinad edən Baş nazirin delimitasiya üçün 1991-ci il sərhəd xəttinin əsas götürülməsi ideyasını təkrarlaması bir sıra qərəzli məqamları ehtiva edir. Belə ki, Ermənistan Baş nazirinə xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan işğal siyasəti nəticəsində, 1990-cı ildə Kərki və Bağanis Ayrım kəndləri Ermənistan tərəfindən işğal edilib. Bununla yanaşı, Ermənistanın Üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazilərindən hələ də erməni silahlı qüvvələrinin çıxırmaması, 8 Azərbaycan kəndini işğal altında saxlaması məlumdur. Bu xüsusda, Baş nazir ilk öncə 1991-ci il sərhədləri dedikdə nə nəzərdə tutulduğu məsələsinə aydınlıq gətirməlidir.