Ermənilərə əsir düşən hərbçimizin işgəncəyə məruz qalması ilə bağlı yayılan görüntülər ermənilərlə birgəyaşayış məsələsini yenidən gündəmə gətirib. İctimaiyyətin böyük kəsimi ermənilərin mənfur, terrorçu, vandal xislətlərindən heç vaxt əl çəkməyəcəklərini, bu səbəbdən ermənilərlə azərbaycanlıların dinc şəkildə nə vaxtsa bir araya gəlməsinin mümkünsüz olduğunu bildirir.
Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli isə Pravda.az-a açıqlamasında deyib ki, bu, çoxprofilli bir məsələdir.
“Dərhal münasibət bildirmək, “ölkənin bundan sonrakı siyasətini məhz bu görüntülər müəyyən edəcək” iddiasını səsləndirmək doğru çıxmaz. Ümumiyyətlə, hərbçilərimizin qeyri-müəyyən şəkildə ermənilərə əsir düşmələri prosesini aydın dərk edə bilmirəm. Bütün hallarda onların bu cür işgəncəyə məruz qalmaları beynəlxalq cinayətdir. Təbii ki, buna “ermənilərlə birgəyaşayışı bu görüntülər istisna edir” düşüncəsini yaratmaq üçün atılmış addımdır desək, daha doğru olar. Çünki Ermənistanda fərqli düşünən yüzlərlə qüvvə var. Bu düşüncəni daşıyan qüvvələr prosesi rahat şəkildə sabotaj edə bilirlər. Əminəm ki, məhz həmin prosesin tərkib hissə ilə bu gün üz-üzəyik”, - Ə.Əlibəyli deyib.
Aytəkin Qardaşova