Fizika elminin inkişafında özünəməxsus yeri olan görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor Tahirə Kərimova vəfat edib.
Bu barədə AMEA-dan məlumat verilib. Tahirə Kərimova 88 yaşında vəfat edib.
Qeyd edək ki, Kərimova Tahirə Həzi qızı 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961-1965-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçi vəzifələrində çalışıb. 1991-ci ildən Yarımkeçiricilərin elektron spektraskopiyası lobaratoriyasına rəhbərlik edib. T.H.Kərimova 1970-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1986-cı ildə fizika-riyaziyyat elmləri doktoru, 2001-ci ildə professor elmi adına layiq görülüb.
Tahirə Kərimovanın əsas elmi istiqaməti laylı, zəncirvari, almazabənzər xalkogenid birləşmələrin energetik spektrinin formalaşma xüsusiyyətlərinin tədqiqidir. Aparılan kompleks tədqiqatlar (eksperimental, nəzəri-qrup analizi və nəzəri hesablanmalar) nəticəsində üçlü halkogenid birləşmələrin enerji spektrinin fundamental xüsusiyyətləri araşdırmışdır və optoelektron cihazların hazırlanmasında bir sıra tövsiyələr vermişdir. Laylı və zəncirvari yarımkeçirici və metallik keçiriciliyə malik birləşmələrin keçiricilik mexanizmi və lokallaşma effektləri tədqiq edilmişdir.
Apardığı tədqiqatların nəticələri 200-dən çox elmi əsərdə, respublika və xarici ölkələrin mötəbər jurnallarında (Physica Status Solidi, Nuovo Cimento, Solid State Communications, J.Phys.and Chemistry, Fizika tverdoqo tela, Fizika i texnika poluprovodnikov, İzvestiə AN SSSR, ser. Neorqaniçeskie materialı, Thin solid Films, Prikladnaya Fizika) çap edilmiş və beynəlxalq konfransların (Yaponiya, italiya, İngltərə, Tayvan, Almaniya, İngiltərə, Fransa, ABŞ və MDB ölkələrində) materiallarında öz əksini tapmışdır. Dəfələrlə respublika və xarici ölkələrdə keçirilmiş simpozium və konfranslarda məruzələrdə çıxış edib. Phys. Rev, J. Of the Phys.Soc. Japan, J.Phys.C., Solid State Phys. J. of Luminescence, J.Physique, FTT, FTP, J.Appl. Phys., J.Phys. and Chemistry, J.Physics/ Condenced Matter və s. jurnallarında və bir sıra toplularda məqalələrinə istinad olunur və nəticələri elmi araşdırmalarda istifadə olunur. Apardığı tədqiqatlar nəticəsində tədqiq edilmiş birləşmələr infraqırmızı oblast üçun fotoanalizator, görünən və ultrabənövşəyi oblast üçün qəbuledici cihazlar kimi istifadə olunmasını tövsiyə edib. Elmi kadr hazırlığında iştirak edib. Belə ki, onun rəhbərliyi ilə 8 nəfər elmlər namizədi dissertasiyası və 1 nəfər doktorluq dissertasiya işini müdafiə etmişdir.