“Qollarımı qandallayıb məni tavandan asdılar. Əvvəl elektroşokdan başladılar, paltarımı çıxartmışdılar və ayaqlarıma elektroşok verirdilər. Tələb edirdilər ki, haradan pul aldığımı deyim. Sonra məni təqribən iyirmi pillə aşağı düşürüb istintaq otağına apardılar. Əynimdə hələ də paltarım yox idi, üstümə su töküb qolf çubuğuna bənzər bir dəyənəklə arxamdan vururdular. Yalnız “ad çək!” deyirdilər. Sonra qarşıma bir mətn qoydular ki, indi kamera gətirəcəyik, bunları kamera qarşısında deməlisən. Razı olmadım. Yenidən elektroşokla işgəncə verdilər. 15 dəqiqə məni elektroşokla incitdilər. Nəhayət, rəis gəldi və dedi ki, iki saata bunun oğlu burada olsun. Mənim beş yaş altı aylıq bir oğlum var. Dedim ki, bunu etməyin. Axırı, mətni kamera qarşısında söyləməli oldum”.
Bunlar ötən il Məhsa Əmininin ölümü ilə İranda başlanan xalq etirazlarının gedişində həbs edilmiş, işgəncə və təhdid altında kamera qarşısında dırnaqarası “günah”ını etiraf etməyə məcbur olmuş Əli Bəhrampurun dünən “İran-vayr” saytında dərc edilən açıqlamasından bəzi məqamlardır.