Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Gəncləri fantaziyaya inandıracaq “İmam Hüseyn”imiz, “İmam Əli”miz yoxdur” - RƏY

1 005
Paylaş:
“Gəncləri fantaziyaya inandıracaq “İmam Hüseyn”imiz, “İmam Əli”miz yoxdur” -     RƏY

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib. Lakin eyni zamanda son proseslər bir daha göstərdi ki, Azərbaycan gənci davamlı olaraq müxtəlif təhdidlərlə, zərərli və zəhərli ideologiyalarla üz-üzədir. Bu, özünü xüsusən dini fəaliyyət sahəsində açıq göstərir.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Rzayev deyib ki, Azərbaycanda gənclərin mənəvi tərbiyəsi, onların milli-mənəvi dəyərlərə yiyələnməsi sahəsində çox böyük tədbirlər həyata keçirilir.

Deputat bildirib ki, bu tədbirlərin nəticəsi özünü 44 günlük Vətən müharibəsində aydın göstərdi: “Gənclərimiz mənəvi cəhətdən sağlam olmasaydılar, vətənpərvər ruhda tərbiyə almasaydılar, torpaq, vətən təəssübkeşliyi ruhunda böyüməsəydilər, sözsüz ki, 30 il işğal altında qalan torpaqlarımızı düşməndən təmizləmək ciddi problemə çevrilə bilərdi. Cənab Prezident bunu bir neçə dəfə xatırladıb ki, qələbələrimizin qazanılmasında müasir gəncliyimizin çox böyük rolu olub. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyi belə bacardılar, böyük qəhrəmanlıqlar göstərdilər. Əlbəttə, mənəvi inkişaf ölkənin gələcək inkişafına zəmindir. Bu gün təhsil ocaqlarımızdakı kollektivlərdə sağlam, mənəvi cəhətdən yetkin, intellektual səviyyəli, vətənin, xalqın qayğısına qalan və onun müstəqilliyi, azadlığı uğrunda mübarizə aparan gənclər yetişdirməsək, dövlətimizin gələcək uğurlarından danışmaq çox çətin olar. Bu gün istər ölkənin müdafiə gücünün möhkəmlənməsi, istər sosial-iqtisadi inkişafı sahəsində çox bacarıqlı, potensiallı gənclərimiz var”.

Deputat təəssüflə qeyd edib ki, müəyyən dövlətlərin təsiri altına düşən, müəyyən qruplara xidmət edən, hələ də müstəqilliyimizin, suverenliyimizin dəyərini qiymətləndirməyən gənclər də var: “Xüsusilə son illər dini təsirlər altına düşən gənclərimizin sayı xeyli artıb. Əlbəttə, bu, bir çox gənclərin xaricdə təhsil almaları, xüsusən qonşu İran dövlətinin bu sahədə apardığı məkrli siyasətlə əlaqədardır. İran “din” pərdəsi altında nəinki Azərbaycanın, bir çox ölkələrin gənclərini zəhərləyib. İslamın dəyərləri yanlış izah edilib, bu, bir terror, qalibiyyət, cəza kimi gənclərə təbliğ edilib. Son günlər Azərbaycanda həbs olunan çox sayda gənc də məhz İranın təsiri altında Azərbaycanda müəyyən dini qurumların yaradılmasında, insanların bura cəlb edilməsində, molla rejimini təbliğində iştirak edən gənclərdir. Bu amillərin meydana gəlməsi, özünü göstərməsi, sözsüz ki, məktəblərimizdə, ali təhsil müəssilərimizdə maarifləndirmənin zəif olmasından irəli gəlir. Hələ formalaşmamış, yetkinləşməmiş xeyli gənc dindarların təsiri altına düşür, müəyyən ayələri kortəbii icra etməklə, məkirli planların iştirakçısı olmaqla gələcək həyatlarına qəsd edirlər. Belə gənclərlə mütəmadi söhbətlər aparılmalı, onlara dünyada baş verən reallıqlar, İranın, eləcə də bizə düşmən olan dövlətlərin mövqeyi, ölkənin inkişafında əldə olunan nailiyyətlər qələbələrimizin səbəbləri, mahiyyəti geniş izah olunmalıdır. Bu, təkcə məktəblərin, ali təhsil müəssisələrinin borcu deyil, hər bir vətəndaşın borcudur. Hər bir vətəndaş milli-mənəvi dəyərlərimizə, gənclərimizin mənəviyyatına zidd hallara qarşı amansız mövqedə olmalıdır. Çünki gənclər bizim gələcəyimizdir. Onlar Azərbaycanın qurucuları, ölkəmizin inkişafı üçün əmək sərf edən insanlardır. Gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onlara gələcəyin vəzifələrini tapşırmaq və bu istiqamətdə işləri düzgün qurmaq həm dövlətdən, həm də cəmiyyətdən asılıdır. Buna görə də hər bir gənc üzərində işləmək, onların fəaliyyətinə nəzarət etmək, düzgün istiqamətləndirmək vətəndaşlıq amalımız, bocumuz sayılamlıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev isə deyib ki, gənclərlə məşğul olan ən üst qurum Gənclər və İdman Nazirliyidir:

“Bu qurumun birbaşa funksiyası gənclərlə məşğul olmaqdır. Amma onlar əsasən gənclərin idmana cəlbinə diqqət ayırırlar. Gənclərlə məşğul olmaq məsələsi sözün həqiqi mənasında bir az kənarda qalır. Dini nöqteyi-nəzərdən gəncləri başqa istiqamətə yönləndirmək məsələsinə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi baxır. Onlar da bununla məşğul olmağa çalışırlar. Lakin görünür ki, bu, kifayət qədər deyil. Üçüncü ən ciddi təşkilatımız Yeni Azərbaycan Partiyasıdır. YAP-ın üzvlərinin yarısından çoxu gənclərdir. YAP-ın Gənclər Təşkilatı bu işlərlə ciddi şəkildə məşğul olmalıdır. Amma Təşkilatın yerlərdə - rayonlarda fəaliyyətini o qədər də görmürəm. Çünki gəncləri məşğul etmək üçün onları təkcə voleybola, futbola çağırmaq lazım deyil. Onlara ideoloji, siyasi istiqamət də vermək lazımdır ki, gənclər gələcəkdə özlərini bu istiqamətdə görsünlər. Hətta bu gün şahidiyik ki, dini mövzuda fantaziya danışanlara gənclər inanırlar, amma biz belə danışsaq, bizə inanmazlar. Çünki bizim onları bu fantaziyaya inandıracaq “İmam Hüseyn”imiz, “İmam Əli”miz yoxdur. Ona görə də gənclərdə real həyata bağlı məsələlərə maraq oyatmalıyıq. Real həyatla bağlı məsələlərə gənclərin işi, əməyi, istirahəti aiddir. Bütün bunları təşkil edə bilsək, yaxşı nəticə verə bilər. Əsas onları işlə təmin edə bilsək, görərik ki, gənclərin fəaliyyət yönümü tam dəyişib. İnsanlar nəyəsə inanmalıdır. İnsanların inandıqları əsasən reallıq deyil. Din xadimləri gənclərimizə real nəsə vermirlər. Sadəcə, onları illuziya ilə kifayətləndirirlər. Deyirlər ki, İmam Mehdi gələcək,  dünya dəyişəcək. Keçmişlə gələcəyi bağlayırlar, bu bağlantıda isə real heç nə yoxdur. On dörd əsr bundan əvvəl baş verən hadisələrin yanında qalıb, bu gün yaşayıb, gələcəyə ümid bəsləmək gənclərimizə kifayət deyil. Onlar bu cür olmalı deyillər. Gənclərimizə iş verməsək də, real ümid verməliyik ki, bu, olacaq. Xüsusən gəncləri hazırda ümidsizlik, işsizlik daha çox narahat edir. Bəzən məmurlar tərəfindən ədalətsizliklərin olması da insanları narahat edir. Gənclər bütün bunların fonunda özlərinə hansısa sığınacaq axtarırlar. Bu sığınacağı isə dində tapırlar. Ac da olsalar, gedib dində rahatlanırlar. Çünki mənəvi cəhətdən artıq müəyyən qidaları var. “Filankəslər o qədər əzab çəkdilər, amma dözdülər, niyə biz də əzab çəkib onlara oxşamayaq, çünki onlar təmiz idilər, sağlam idilər...” Bu, zərdüştlük variantıdır və bizə lazım deyil. Bizə gənclərlə real iş aparmaq lazımdır. Siyasi, ideoloji iş, idman da öz yerində. İdman hamıya aid deyil. Buna görə də Gənclər və İdman Nazirliyinin gənclərlə işləmək üçün xüsusi qrupu olmalıdır. YAP-ın da xüsusi şöbəsi olmalıdır. Bilirəm, var, bəzi yerlərdə işlər gedir. Amma bu, bütün gəncliyi əhatə və təmin etmir. Gənclərimizin din xadimlərinin arxasınca getdiyini görmək bizi düşündürməlidir. Niyə gənclər siyasi xadimlərimizin ardınca getməsinlər? Siyasi xadimlər din xadimlərinin verdiklərini niyə gənclərə verə bilmirlər?“

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.

 Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər