Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı bəyanat yayıb.
Pravda.az-ın məlumatına görə, bəyanatda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistan tərəfindən əsir götürülməsi və Azərbaycan hərbçilərinə işgəncə verilməsi, onlarla qeyri-insani rəftar edilməsi qətiyyətlə pislənilib.
Dünya azərbaycanlıları Ermənistanın Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, eləcə də digər mühüm beynəlxalq aktlar üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirib, müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktını araşdırmalarını, lazımi hüquqi qiymət vermələrini tələb edib, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi üçün çağırış ediblər.
Bəyanatın tam mətnini təqdim edirik:
“Biz, xaricdə yaşayan azərbaycanlılar təəssüf hissi ilə bəyan edirik ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azmış Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.
Nəzərinizə çatdıraq ki, Ermənistanın kütləvi informasiya vasitələrinin yaydığı foto və videolar Azərbaycan hərbçilərinə beynəlxalq hüquqi sənədlərə zidd olaraq işgəncə verildiyini və onlarla qeyri-insani rəftar edildiyini əyani şəkildə sübut edir. Belə ki, yayılan videoda azərbaycanlı hərbçilərin əli bağlı şəkildə döyülməsi və təhqir olunması aydın görünür.