"Min il öncəylə indiki dövr müqayisə olunsa, görərik ki, texnologiya inkişaf edib, amma mənəviyyat nə qədər geri gedib. Məsələn, Leyli və Məcnunun dövründə əsl məhəbbət var idi, sevgiyə müqəddəs hiss kimi baxılırdı. Lap beş yüz, hətta yüz il öncə belə deyildi. İndi isə televiziyalar, telefon insanlarda müqəddəs heç nə qoymayıb, bayağılıq hökm sürür. Sevgi-məhəbbətin yerini şəhvət, bayağı hisslər tutub. Bu, bir bəladır. Televiziyaların istər gənclər, istər qocalar arasında evlilik proqramları təşkil etmələri texnologiyanın nailiyyəti kimi təqdim olunur. Amma əslində xalqımızın mənəviyyatını yerdən-yerə vurur, yerlə-yeksan edir. Əvvəllər evlənmək istəyənlər kiminsə vasitəsilə bir-biriləri ilə tanış olardılar. İnsanın sevgisi özünəxas, gizli olur. Sən onu ekranda necə ictimialəşdirə bilərsən? İctimaiyyətin gözü qarşısında bunu etmək necə mümkündür axı? Onda o məhəbbətin dəyəri, hisslər nəyə lazımdır? Bu, nə deməkdir? Məhəbbət yeganə şeydir ki, iki şəxs arasında qarşılıqlı olur. Məhəbbətin şahidi olmur. Yeganə mənəvi hissdir ki, şahidsiz olur".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.