Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.
Ombudsman Aparatından Pravda.az-a verilən məlumata görə, Müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və fotoların araşdırılması tələb olunub, Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı bildirilib.
Eyni zamanda, müraciətdə ötən gün hərbi qulluqçularımıza baş çəkən Ermənistan Ombudsmanının onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığı barədə açıqlamasına da toxunulub. Azərbaycanlı əsgərin zorakılığa məruz qalmasının açıq-aşkar əks olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən verilmiş həqiqəti əks etdirməyən və törədilən hüquq pozuntularının gizlədilməsinə yönələn bu açıqlamanın narahatlıq doğurduğu diqqətə çatdırılıb. Azərbaycan Ombudsmanı bu baxımdan aidiyyəti beynəlxalq və regional təşkilatlar tərəfindən həmin hüquq pozuntularına mandatları çərçivəsində operativ reaksiya verilməsini təkidlə tələb edib.