“Naxçıvan DYPİ-də avtomobillərin qeydiyyatı üçün alınan rüşvət dörd dəfə bahalanıb. Bundan əvvəl sakinlər Bakıdan alıb gətirdikləri, mühərriki 2.000 kub santimetrədək olan avtomobillərə 300 manat ödəyirdilər. Bu məbləğin 170 manatı dövlət rüsumu,130 manatı isə rüşvət şəklində alınırdı. Hazırda isə, bu cür avtomobillərin qeydiyyatı üçün ümumilikdə 850 manat tələb olunur. Yəni, rüşvətin həcmi 170 manatdan 680-ə qaldırılıb”.
Bu haqda “Gündəlik Naxçıvn”a yerli sakinlər məlumat verib. Onlar deyib ki, rüşvətin qiyməti Mais Məmmədov idarəyə yeni rəis təyin olunandan sonra qalxıb. O, aprelin əvvəlində bu vəzifəyə təyin olunub.
Şərur rayon sakini Zaur Həziyev deyir ki, yeni aldığı avtomobilini qeydiyyata saldırmaq üçün tələb olunan məbləği eşidəndə, qulaqlarına inanmayıb:
“Hələ, ötən ilin avqust ayında mühərriki 1800 kub santimetr olan avtomobilin qeydiyyatı üçün cəmi 300 manat ödəmişdim. Bu günlərdə həmin avtomobili satıb, mühərriki eyni həcmdə olan başqa avtomobil aldım. Bu dəfə isə məndən 850 manat istədilər. Etiraz edib, bildirdim ki, dövlət rüsumunun qiymətlərində artım olmayıb. Get-gələ saldılar, məndən lazım olmayan sənədlər tələb etdilər. Axırda cəmi 50 manat aşağı sala bildim və 800 manat verib avtomobili qeydiyyata saldırdım”.